“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dövlətə və xalqa çox böyük problemlər yaşatdı. Bunların içərisində itkinlər məsələsi də var. Döyüşlərdə və eyni zamanda Ermənistanın silahlı qüvvələri işğal edəndə yerli əhalidən bizim minlərlə itkinlərimiz olub. Onların taleyi indiyə qədər məlum deyil”.
Bu sözləri Manset.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O, bildirib ki, əsirlərin və itkin düşmüş insanların taleyi hələ də məlum deyil:
“Bununla bağlı Təhlükəsizlik Orqanları yanında əsir və itkinlərlə iş üzrə dövlət komissiyası yaradıldı. Həmin komissiya o insanların siyahısını tərtib etdi və siyahıda səhv etmirəmsə, 4 mindən çox insan var. Onların bir qisminin taleyi tapıldı, amma böyük bir hissəsi hələ də məlum deyil.
Azərbaycanın Ermənistan qarşısında qoyduğu tələblərdən biri də həmin itkinlərin taleyinin müəyyənləşdirilməsidir. İndi açılan məlumatlara görə, bizim ermənilər tərəfindən götürülən əsirlərimizin bir hissəsi işgəncə ilə öldürülüb və ümumi çalada basdırılıblar, bir hissəsini isə ümumiyyətlə kim harda qətlə yetirib bununla da bağlı çoxsaylı məlumatlar var. Ona görə də Azərbaycan onların hər birinin taleyini tələb edir. 30 avqust Beynəlxalq İtkinlər günündə əlbəttə ki, Azərbaycanın da deməyə sözü var. Ermənistan 4 minə qədər itkinimizin cavabını verməlidir”.
Millət vəkili hesab edir ki, onların taleyi ilə Ermənistanın müdafiə nazirliyində, təhlükəsizlik orqanlarında məlumat var:
“Hətta vaxtilə Ermənistanın müdafiə nazirinin müavini olmuş bir generalın Ermənistanda həyətində əsir düşmüş azərbaycanlılar işləyirdi. Onların sonrakı taleyi məlum olmadı. Azərbaycan bu gün onlarla bağlı böyük iş aparır. Az bir qisminin taleyi müəyyən edilib, amma digərlərinin də taleyinin müəyyən edilməsi üçün böyük işlər görülür. Eyni zamanda beynəlxalq aləmdə də Azərbaycan bununla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırır, onlara Azərbaycanın, azərbaycanlı itkinlərin taleyinin həll edilməsi üçün Ermənistana təzyiq göstərilməsi ilə bağlı çağırış edilir. Hər bir vətəndaşımızın taleyinin necə olması barəsində Azərbaycan dövləti axıracan mübarizə aparacaq”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan ümumiyyətlə yarandığı gündən beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirir:
“Torpaqlarımızın işğal edilməsi, 1 milyondan çox vətəndaşımızın oradan qovulması, mədəni irsimizin dağıdılması. İşğaldan azad olan torpaqlarda bir mədəni irsimiz, tarixi abidəmiz, sosial obyektimiz yoxdur. O cümlədən, itkinlər məsələsində də vəhşi bir tayfa kimi istədiklərini ediblər. Bununla bağlı kifayət qədər faktlar var. Azərbaycan bu gün qalib bir ölkə kimi Ermənistandan itkin düşmüş vətəndaşlarının taleyini tələb etmə haqqı var və bu edilir”.
Qeyd edək ki, 30 avqust - Beynəlxalq İtkinlər Günüdür. Bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.