Bakıda 8500 manatlıq velosiped oğurlanıb.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayonun S.Vəzirov küçəsindəki evlərdən birinin girişindən 8500 manat dəyərində velosipedin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Etiqad Əşrəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxtın Səbail rayonu ərazisində bir velosiped dayanacağından və 2 evin girişlərindən dəyəri 2 min manatdan artıq olan daha 3 velosipedi oğurlaması da müəyyən olunub.
Bənzər hadisə Sumqayıt şəhəri ərazisində də baş verib.
Belə ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq) ilə axtarışda olan Samiq İlyasov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun avqustun 30-da Bakı şəhər sakini S.Quliyevə məxsus 2400 manat dəyərində mopedi oğurlaması da müəyyən olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.