Şəhid Daşqın Şəfiyevin qardaşı iş tapa bilmir.
Bu barədə Manset.az-a açıqlamasında şəhidin qardaşı 1997-ci il təvəllüdlü Şəfiyev Orxan Hidayət oğlu məlumat verib. O, bildirib ki, iş üçün Kəlbəcər rayon icra hakimiyyətinə və Dövlət Məşğulluq Agentliyinə müraciətinin heç bir nəticəsi olmayıb:
“Mən hərbçi idim, 44 günlük Qarabağ müharibəsindən sonra ehtiyata çıxdım. O zamandan indiyənə qədər işsizəm. Kəlbəcər rayon icra hakimiyyətinə müraciət etdim. Dedilər biz kömək edə bilmərik. Ondan sonra Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Dedilər sənə ancaq iki yüz manatlıq ağır iş təklif etdilər. O məbləğə də işləməkdənsə, işsiz qalmaq daha yaxşıdır. Mən subay oğlanam, ailə qurmalıyam. Ailəmi 200 manatla necə dolandırım? Bir aya o məbləğ nədir ki? Aidiyyatı qurumlardan mənim işlə təmin olunmağımla bağlı köməklik gözləyirəm”.
Qeyd edək ki, şəhid Daşqın Şəfiyev Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Laçının azad olunması”, “Qubadlının azad olunması”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.