Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla ziyarət edilməsi məqsədilə Goranboy rayon Səmədabad kənd orta məktəbinin şəhid Elgün Xıdırov adına 11-ci sinif, şəhid Taleh Mustafazadə adına 3-cü sinif şagirdləri və müəllim kollektivi Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhid Mustafazadə Taleh Qənimət oğlu və Xıdırov Elgün Fuad oğlunun ailəsini ziyarət ediblər.
Manset.az xəbər verir ki, məktəb kollektivi görüşdə şəhidlərin ailə üzvlərilə söhbət apararaq Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd ediblər. Bildiriblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir.
Şəhidlərin məzarı ziyarət edilib və şagirdlər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.