Dövlət Ekoloji Ekspertiza Agentliyində müraciətlərin elektron idarəedilməsi sisteminin tətbiqinin 1 illik fəaliyyətinin hesabatına dair brifinq keçirilib.
Manset.az xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov agentliyin 2022-ci il ərzində gördüyü işlər barədə məlumat verib.
O, bildirib ki, sənədləşmənin sürətli şəkildə aparılması, şəffaflığın artırılması üçün vacib amillərdən biri də elektronlaşdırma sistemidir və agentlik artıq 9 aydır ki, elektron idarəetmə sisteminə keçib. Bununla da, bir sıra dövlət qurumları ilə elektron sistem vasitəsilə reqlament normalarına uyğun sənədləşmə təmin edilir.
Agentliyin idxal-ixrac əməliyyatları üzrə ekspertiza şöbəsinin müdiri Asif Ədilov, "Əvvəllər müraciətlər ölkənin istənilən regionundan kağız formatında təqdim olunmalı idi ki, bu da həm vaxt itkisinə, həm də kağız sərfiyyatına səbəb olurdu.
Müraciətlərin elektron qəbulu bizə imkan yaratdı ki, artıq zamandan və məkandan asılı olmayaraq, istənilən müraciətə vaxt itkisi olmadan, daha operativ baxa bilirik" - deyib.
Agentlikdə 2022-ci il ərzində:
"445 Ekoloji ekspertiza rəyi verilib.
175 Ekoloji-normativ sənəd razılaşdırılıb.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair 65 rəy verilib.
Şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması layihə sənədlərinə 5 rəy verilib.
Yaşıllıqların götürülməsinə dair, onların toxunulmaz qalmasına və digər məsələlər əlaqədar vətəndaşlara və təşkilatlara 1532 məktub göndərilib.
104 İdxal-ixrac əməliyyatları ilə əlaqədar müraciət edilib.
Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə görə 72 icazə verilib.
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün 1 icazə verilib.
Təbii su mənbələrindən istifadə ilə əlaqədar 879 müraciət qeydiyyata alınıb.
İşğaldan azad edilmiş ərazilərlə bağlı 230 müraciətə rəy verilib.
200 rəy və icazənin monitorinqi keçirilib.
19 ictimai dinləmə və müzakirə aparılıb.
11 Maarifləndirici tədbir və İdarə heyətinin 7 iclası keçirilib".
Media nümayəndələrinin sualları cavablandırılıb.
Mirsalam Qənbərov əlavə edib ki, bütün bu nailiyyətlər elektron idarəetmə sisteminin hesabınadır.