Rusiya Qarabağı yenidən QAN ÇANAĞINA DÖNDƏRMƏK İSTƏYİR - Moskvanın ÇİRKİN PLANI

09:35 - 15 Fevral 2023

Rusiya Qarabağı yenidən QAN ÇANAĞINA DÖNDƏRMƏK İSTƏYİR - Moskvanın ÇİRKİN PLANI

 Rusiya Cənubi Qafqazda mövqe savaşı uğrunda bütün "silahlarını" artıq işə salıb. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhəddinə jandarma heyyəti göndərmək üçün bütün prosedurları tamamladığı bir vaxtda Moskva da boş dayanmaq barədə düşünənə oxşamır.

Baxmayaraq ki, hazırda Şərqi Avropada Rusiya-Ukrayna müharibəsi artıq daha amansız xarakter almağa doğru gedir, tərəflər bir-birinə güzəşt etməyəcəyini açıq şəkildə rəsmi olaraq bəyan edirlər. Kreml belə bir vəziyyətdə Cənubi Qafqazda da Qərbə yenilməmək üçün region dövlətləri üçün təhlükəli olacaq hər oyuna getməyə başlayıb. 

Fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev təcili Bakıya gələrək Azərbaycan Prezident İlham Əliyevlə görüşüb. Günün sonuna doğru İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı baş tutub. Bir gündə Rusiyanın regiondakı məsələlərlə bağlı bu qədər aktivlik göstərməsi, proseslərə müdaxilə istəyi Moksvanın gedişatdan kənar qalmamaq üçün müxtəlif variantları sınaqdan keçirmək istəyində olduğunu göstərir. 

Bunu İqor Xovayevin eyni gündə Xarici işlər naziri Ceyhun Bayramovla görüşü də deməyə əsas verir. Görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də post-münaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi üzrə təklifləri irəlilətməsinə baxmayaraq, Ermənistanın prosesə daim maneçilik törətdiyini qeyd edib. Ermənistanın sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundunu boykot etdiyini xatırladıb. Eyni zamanda Xovayevə Laçın yolundan Üçtərəfli Bəyanatla nəzərdə tutulmayan təyinatdan kənar məqsədlər üçün istifadə edilməsi diqqətə çatdırılıb.
 
Nazir, eyni zamanda etirazçıların legitim tələblərinin hələ də yerinə yetirilmədiyini və Ermənistan tərəfinin bu vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə edərək, məsələni yanlış məcraya yönəltdiyini bildirməklə demək olar ki, Moskvanın bu danışıqlarda Bakıya qarşı rıçaqlarını əlindən tamamilə alaraq, tərkisilah etməyi bacardı.
 
Amma Rusiya niyyətindən əl çəkəcək kimi görünmür...

1. Öncə separatçılarıəın "dövlət naziri" Ruben Vardanyanı gizli yollarla Moskvaya ötürən sülhməramlı kontingent çox keçmədi ki, onu Qarabağdan çıxardığı kimi də yenidən Xankəndinə qaytardı.

Erməni separatçılarının "dövlət naziri" Ruben Vardanyanın Moskvaya çağrılması və məsləhətləşmələrdən sonra onun eyni yolla geri qaytarılması Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir.
2. Ardınca ötən gün saat 18:05 radələrində Ermənistanın Böyük Qaraqoyunlu kəndi istiqamətində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllələndi (Xəstəxanaya yerləşdirilən əsgərin vəziyyətinin orta-ağır olduğu, həyatının təhlükə altında olmadığı bildirilir).

Hadisənin araşdırıldığı bildirilsə də, erməni mediasında əsgərin "düşmənin açdığı atəş nəticəsində" yaralandığı barədə "ilkin ehtimal" da irəli sürülüb. Buradan da belə nəticəyə gəlmək olur ki, Rusiya tərəfi Azərbaycanla Ermmənistan arasında vəziyyəti gərginləşdirmək üçün məhz bu cür məkirli addımlar atmaq qərarına gəlib. Böyük ehtimalla erməni əsgərini güllələyən də elə Rusiya sülhməramlı kontingentinə tabe olan silahlılar sırasındandır. 
 
3. Ötən gün Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbiçiləri ağır texnika ilə Azərbaycandan olan sivil insanları təhdid etməkdən çəkinməyib. Belə ki, Qarabağın işğaldan azad olunan ərazilərində tikinti-bərpa işləri ilə məşğul olan mülki insanımıza qarşı Rusiya hərbçisi silah yönəldib. İçərisində olduğu ağır hərbi texnikanın lüləsini azərbaycanlıların üzərinə yönəldərək bu cür bir neçə dəqiqə nişangah təması quran sülhməramlı kontingentin hərbiçisi sonra içərisində olduğu texnikanı sürərək ərazidən uzaqlaşıb. 
 
Belə görünür ki, Rusiyanın hələ də 33 il əvvəl 20 yanvarda, ardınca Xocalıda minlərlə əliyalın, dinc soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərin, soyqrımların "şirəsi" hələ də dişlərində qalıb. Amma Rusiya bir şeyi unudur ki, bu günki Azərbaycan 30 il əvvəlki həmin Azərbaycan deyil.
 
Moskva bu cür təhdidlərlə nəyə nail olmaq istəyir?
 
✔️ Çox ehtimal ki, bu, Rusiyanın bir nəbz yoxlamasıdır. Bununla da Moskva Qarabağdakı soydaşlarımızı işini-gücünü atıb ölüm təhlükəsini gözə alaraq ərazini tərk etmələrinə nail olmağa çalışır. Nəticədə Rusiya bölgədə vəziyyətin dinc, sülh şəraitində yaşamaq üçün əlverişli olmadığı abu-havası yaratmağa çalışır.
 
✔️ Rusiya sülhməramlılarının vasitəsi ilə Ermənistana və Qarabağdakı etnik ermənilərinə nümayiş etdirir ki, biz  buradayıqsa, heçnəyə görə narahat olmayın. Sadəcə sona qədər bizə güvənin, bizə etimad göstərin, biz də sizi istənilən təhlükədən təhdiddən qoruyacağıq, sizin xilaskarınız ancaq Rusiyadır. 
 
✔️ Eyni zamanda Rusiya Ermənistana bir mesaj verir ki, Avropa İttifaqının mülki missiyası adı altında Fransa hərbiçilərinin Azərbaycanla sərhəddə gətirilməsi və gələcəkdə Qərbin bölgədə Rusiyanı əvəzləməsi planını dayandırmasanız, silahımız və nişangahımız sizə tuşlana bilər. 
 
Bu gün istər Xovayev, istərsə Lavrov və yaxud Putin Azərbaycanla "strateji tərəfdaşlıqdan" ağız dolusu danışsalar da, erməni separatizminə dəstək vasitəsilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizliklərini nümayiş etdirirlər. Belə olmasaydı bu gün suveneliyimizə ən böyük təhdidlərdən biri olan, ərazi bütövlüyümüzə qarşı günü-gündən təhlükəyə çevrilən Ruben Vardanyanı gizli yollarla Xankəndidən Moskvaya qaçırmazdılar. 
 
Belə məqamda Ruben Vardanyanın hansı məqsədlə Moskvaya çağrıldığı düşündürməyə bilməz. Moskvanın R.Vardanyanı yenidən Qarabağa göndərmək məqsədi isə təbii ki, gün kimi aydındır. Rusiya erməni separatçılarını idarə edirsə, onlardan Qarabağda qeyri-sabit vəziyyətin hökm sürməsində yararlanmaq biyyətindədirsə, nə Xovayevin, nə də Vladimir Putinin "sülh" barədə fikirlərinin heç bir əhəmiyyəti yoxdur. Çünki o da artıq Azərbaycana gün kimi aydəndır ki, Kremlə sülh yox, münaqişəli və gərgin vəziyyət lazımdır ki, bu üsulla bölgə ölkələrinə nəzarət etmək imkanını əlində saxlaya bilsin. 
 
İrəvan 10 noyabr razılaşmasını imzalamaqla Qarabağdan bütün silahlıları çıxaracağına dair öhdəlik götürsə də separatçıların ona tabe olmadığını bəhanə edərək, öhdəliyi icra etmədi. Reallıqda isə Qarabağdakı qanunsuz hərbi birləşmələr Ermənistan ordusunun, onun yaradıcıları və rəhbərləri isə Ermənistanın siyasi-hərbi elitasının tərkib hissəsidir. Ermənistanın siyasi-hərbi elitası isə hazırda da Rusiyanın orbitindən çıxmaq üçün nə qədər canfəşanlıq göstərsə də, Moskva İrəvanın ipini əlində hələ ki, möhkəm saxlaya bilir. 
 
Amma Ermənistan və Rusiya bir məsələni artıq başa düşməlidir ki, rəsmi Bakının səbri daşacağı təqdirdə Azərbaycanı növbəti hərbi əməliyyatlardan heç kim saxlaya bilməyəcək. Onda Ermənistan rəhbərliyi aqibətini düşünmək üçün isə bu gün ona verilən zamanı geri qaytarmaqda gecikmiş olacaq. Tək gecikən Ermənistan olmayacaq...
 
Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az