Qarabağda qaynar toqquşma ehtimalı hər ötən saat daha çox artır. Beynəlxalq situasiya nəzər saldıqda görə bilərik ki, 44 günlük Vətən müharibəsindən sonra - 10 noyabr üçtərəfli bəyannəmədən üzü Praqa görüşünə kimi proseslər Azərbaycanın istədiyi şəkildə cərəyan edirdisə, artıq keçən ilin oktyabrından Azərbaycan təkcə Ermənistanla yox, eyni zamanda zamanla da bir yarış içərisindədir.
Hadisələr o qədər bir-birini sürətlə əvəz edir ki, bəzən proseslərin düşündüyümüzdən fərqli məcraya getmək ehtimalının yüksək olduğunu sezmək mümkündür. Beynəlxalq müstəvidəki gedişat Azərbaycanı həmlə edərək meydandakı vəziyyəti postkonflikt dövrünün ilk günlərindəki kimi saxlamağa, rəqib(lər)ə onu dəyişməyə fürsət tanımamağa daha çox məcbur edir.
Şahid oluruq ki, Ermənistan tərəfi eyni vaxtda yenə müxtəlif, bir-birinə qarşı olan qütblərin (Rusiya-Qərb, ABŞ) hər ikisinə oynamaqda ustadır. Gah Rusiyanı söyən, onu aşağılayan bir Ermənistan hakimiyyəti görürük, gah da Moskvanın tapşırıqları əsasında addımlayan Ermənistanı. Rusiyaya qarşı kin-nifrət diplomatiyasından əl çəkmədiyini göstərsə də statistik rəqəmlərə görə Moskvanın ən yaxın müttəfiqlərindən biri sırasında yer alması rəsmi İrəvanın Azərbaycanla sülh sazişi imzalamaq kimi bir arzu-istəyinin olmamasına rəğmən dünyada özünü sülh göyərçini kimi göstərmək istiqamətində apardığı kompaniya qədəryalan və etibarsızdır.
Bunun adı isə Ermənisayağı paradoksdur. “Qərbpərəst” İrəvanın Rusiyanın müttəfiqləri arasında ilk 3-lükdə yer almasına başqa ad da vermək olmur. Belə ki, bu yaxınlarda "The Economist" jurnalının dərc etdiyi Rusiya müttəfiqləri indeksi Ermənistanın növbəti saxtakar siyasətini ifşa edərək, onu rəzil durumda qoydu. Doğrudur, utanmaq üçün abr lazımdır, o səbəbdən İrəvanı çox qınamaq da olmur. Kimin nəyi varsa, odur...
Ənənəvi olaraq həmişə eyni anda iki kresloda oturmağa çalışan Ermənistan son vaxtlar özünü əsasən qərbyönlü kimi göstərməyə çalışsa da "The Economist" jurnalının dərc etdiyi Rusiya müttəfiqləri indeksi bunun əksini göstərdi. Məlum oldu ki, bu reytinqdə Ermənistan 9 xalla ikinci yeri tutur, 11 xal toplayan Belarusdan sonra ikincidir. Aydın görünür ki, Ermənistan yenə də ənənəsinə sadiq qalaraq, sonda özünün də ikiüzlü siyasətin qurbanına çevriləcəyini dərk etmədən yenə də ikili oyun oynayır.
Bu rəqəmləri Qərb qarşısına qoyub yaxşı düşünsün, düşmənini-dostunu yenidən gözdən keçirsin. Bu da Qərbin Rusiyanın orbitindən sürətlə uzaqlaşdığı sandığı Ermənistan. Buradan belə nəticə çıxır ki, Nikol Paşinyan hakimiyyəti heç də göründüyü kimi Rusiyanın təsirindən çıxmaq barədə düşünmür və bu plan Moskva ilə İrəvan arasında aldadıcı bir manevrdən başqa bir şey deyil.
Kremlin "narazılığına" və "hədələrinə" baxmayaraq Azərbaycan-Ermənistan sərhəddində Avropa İttifaqının müşahidəçilərini yerləşdirmək qədərc cəsarəti Paşinyana elə ancaq Kreml rəhbərliyi verə bilər. Kremlin icazəsi olmadan uzun illər forpostu olan Ermənistan sərhəddində bir quş belə icazəsiz uça bilməz. Yaxud da 3 il əvvəl - 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının müddəalarının bu geridə qalan zaman ərzində rəsmi İrəvan tərəfindən hələ də icra edilməməsi Moskvanın razılığı olmadan inandırıcı deyil ki, bu qədər uzansın. Onu da bilirik ki, Rusiya istəsəydi Ermənistanı çoxdan götürdüyü öhdəlikləri icra etməyə məcbur edərdi. Çünki Ermənistanı ipə-sapa yatırmağı, onu necə idarə etməyiŞ onunla hansı dildə danışmağın daha effektli olduğunu Rusiya qədər bilən ikinci dövlətin olduğunu düşünmürəm.
Demək ki, bu qədər həngamə sadəcə quru bir ssenaridir, Moskva və İrəəvan teatrallaşdırılmış bu tamaşanı çox məharətlə oynayır. Hətta obrazlarını o qədər profisional canlandırırlar ki, şeytana papış tikən Qərb də nə baş verdiyini anlamaqda çətinlik çəkir. Götürək Almaniya Kansleri Olaf Şoltsun Ermənistan baş naziri Nikol Paşinyanı Berlində qəbul edərkən "Dağlıq Qarabağ" xalqının öz müqəddəratını təyin etmək hüquqları ilə bağlı dediklərini...
Bu açıqlamanın səhəri günü Kanslerin bu sərsəm fikirləri dərhal Almaniyanın dövlət saytından yığışdırıldı. Bu görüşdən bir neçə gün sonra Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başladı və Şolts Azərbaycan lideri ilə birbaşa təmas qiurmaq imkanı əldə etdi. Təkbətək görüşdən sonra mətbuat konfransı zamanı sualları cavablandıran Olaf Şoltsun çıxışında Qarabağ mövzusunda ciddi dəyişiklik nəzərdən qaçmadı. Kansler açıq şəkildə dünyanın gözü önündə bəyan etdi ki, Almaniya "Dağlıq Qarabağ"ı respublika kimi tanımayıb, tanımır.
Bu bəyanatla Şoltsun erməniləri məyus etdiyi bir yana, digər tərəfdən bir məsələ daha da aydınlaşır: Məlum olur ki, Almaniya hakimiyyəti də Nikol Paşinyan və onun dəstixəttini dəstəkləyənlər tərəfindən qandırıldığını anlayıb. Halbuki daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı bu məsələ müzakirə olunmuşdu. Olaf Şolts "Dağlıq Qarabağ" vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə həllə nail olunmasına böyük əhəmiyyət verdiyini bildirmişdi.
Demək ki, İlham Əliyevin Berlin səfəri regionda gedən proseslərin daha doğru-dürüst şəkildə Almaniya hakimiyyətinə və ictimaiyyətinə çatdırılması adına olduqca əhəmiyyətli idi. Münaqişələrdə ən önəmli faktorlardan biri vaxtın hansı tərəfə işlədiyidir. Ötən payız beynəlxalq situasiya baxımından zaman Azərbaycanın lehinə işləsə də müxtəlif təzyiqlərə baxmayaraq həmin periodda Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edə bilmədik. Amma hadisələrin inkişafı deməyə əsas verir ki, İlham Əliyevin qeyd etdiyi kimi 2023-cü il sülh məsələsində ən əhəmiyyətli il olacaq.
Hadisələrin Azərbaycanın planlaşdırdığı şəkildə inkişaf etməsi üçün ümidlər qalmaqdadır. Ən böyük ümidlərdən biri isə etiraf edək ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsidir. Rusiya-Qərb toqquşmasının hər iki tərəfi, xüsusilə Rusiyanının bu müharibə ilə zəifləməsi Azərbaycanın geosiyasi maraqlarını tam təmin etmək üçün zaman qazancıdır. Ermənistanın havadarlarına arxayın olub Azərbaycanı, xüsusilə də Qarabağ iqtisadi zonamızı, Şərqi Zəngəzuru hədəf taxtası etmək istəyi ermənilərə baha başa gələ bilər. Ucuz oyunlara gedib, Azərbaycana qarşı destruktiv mövqeyindən əl çəkməyən Paşinyan nə qədər tez anlasa ki, onun budəfəki səhv qərarı ölkəsinin müqəddəratını həll edəcək, ziyanın yarısından dönmüş olar. Çünki Azərbaycan böyük səhvləri bağışlamır.
Atabəy Türkel