Keçən ilin avqustundan sonra nəhayət ki, Brüsseldə dövlət başçılarının görüşünün növbəti raundu baş tutdu. Əslində bu görüş daha tez gerçəkləşməli idi. Belə ki, oktyabrda Praqa görüşündən sonra Fransa prezidenti Emanuel Makronun təxribatcı çıxışları, Ermənistanı işğala həvəslənidrən, revanşa hazırlayan bəyanatlar səsləndirməsi, separatçılara dövlət telekanallarında xüsusi zaman ayırması rəsmi Bakını məcbur qoydu ki, onun iştirakı ilə gözlənilən növbəti Brüssel görüşündən imtina etsin.
Hadisələri dəqiq analiz etdikdə deyə bilərik ki, elə Ermənistan və Fransanın da istədiyi o idi ki, İrəvan-Bakı təmasları, sülh danışıqları istiqamətində bu cür görüşlər dalana dirənsin, Ermənistan hadisələrin bu cür inkişafından istifadə edib, zaman udsun. Amma Azərbaycan 44 günlük müharibədən sonra regionda yaranan yeni geosiyasi vəziyyəti dəyişdirməyə cəhd göstərən Ermənistan və havadrlarının planlarını yenidən pozmağı bacardı.
Laçın yolunun başlanğıcında - Ermənisyanla şərti sərhəddimizin başlanğıc nöqtəsində sərhəd yoxlanış keçid məntəqəsinin qurulması ilə başda Vaşinqton olmaqla, Brüssel və Moskva da məcbur qalaraq Ermənistana təzyiqi artıraraq görüşləroin yenidən bərpa edilməsi istiqamətində bir-birləri ilə açıq savaşa girdilər. Vaçinqtonda Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin müşaiyyəti iıə Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşlər keçirildi, Bakının sülh gündəliyinə daxil etdiyi müəyyən məsələlərdə hətta razılıq da əldə edildi. Lakin bu görüşlər yekun sülhün imzalanması üçün yetərli olmadı.
Bunun ardına Brüsseldə mayın 14-də iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilən görüşləri də uzun zamandan sonra bərpa olunan Brüssel formatının davamı nöqteyi nəzərdən uğurlu adlandıra bilərik. O mənada ki, Aİ prezidenti görüşlərin yekun bəyanatında açıq şəkildə bildirdi ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdı. Hətta bunu Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışı zamanı da təsdiqlədi. O, Azərbaycan ərazisinin 86,6 min kv-km ərazisini tanıdıqlarını etiraf etməklə faktiki olaraq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etmiş oldu. Bununla da Paşinyan ilk Ermənistan dövlət başçısı kimi Qarabağı rəsmi olaraq Azərbaycan ərazisi kimi tanıyan ilk siyasətçi oldu.
Dünya ictimaiyyətinin də şahidi olduğu bu açıqlamalar Nikol Paşinyana elə də asan başa gəlmədi. Təbii ki, rəsmi İrəvan üçün bunu demək heç də asan olmadı. Çünki biz yenidən 14 mayda gerçəkləşən Brüssel görüşü ərəfələrinə nəzər salsaq aydın görərik ki, Ermənistan tərəfi bu raundun da baş tutumaması üçün əlində gələni etdi, ard-arda sərhədin müxtəlif istiqamətlərində vəziyyəti gərginləşdirmək məqsədi ilə silahlı insidentlər törətdi. Təbii ki, məqsəd vəziyyəti eskalasiya həddinə çatdırmaqla danışıqları dalana dirəmək, Azərbaycanla sülh danışıqlarından növbəti dəfə yayınmaq məqsədi daşıyırdı. Lakin Azərbaycan Ordusunun adekvat cavab tədbirləri Ermənistanın sülh danışıqlarında əlini gücləmndirmək arzularının üstündən xətt çəkməklə yanaşı, qarşı tərəfi məcbur qoydu ki, rəsmi Bakı ilə danışıqlar masası arxasında əyləşsin.
Belə demək mümkünsə, Azərbaycan Ordusunun gördüyü adekvat tədbirlər nəticəsində Ermənistanın hərbi eskalasiya yaradıb regionu döyüş meydanına çevirmək, bununla da beynəlxalq missiyaların rəsmi Bakıya qarşı münasibətini körükləmək planı baş tutmadı. Paşinyan istədiyinə nail olmadıqdan sonra regional təcriddə batmağın ssenarisini təsəvvür edərək Brüsselə yol aldı.
Ermənistanın görüş ərəfəsində təxribatlar zamanı istifadə etdiyi PUA-ların, digər silah-sursatın hansı ölkəyə məxsus olduğunu biləndən sonra məhz həmin insidentlərdə əsas kimin maraqlı olduğunu, hansı qüvvələrin sifarişləri əsasında Azərbaycan əsgərinin nişan alınması əmrinin verildiyi öyərnmək çətin deyil. Amma Azərbaycan yenə də istər İranın, istər Fransanın, istərsə də Ermənistan hərbi-siyasi rəhbərliyinin arzularını qurşağında qoydu.
Burada ən maraqlı məqamlardan biri də Moskvanın da məhz Vaşinqton və Brüssel görüşləri zamanı bölgədə vəziyyətin gərginləşməsində sifarişçi maraqlı tərəf kimi ortaya çıxmasıdır. Bunu məhz mayın 19-da Rusiya XİN rəhbəri Sergey Lavrovun vasitəçiliyi ilə iki dövlətin Xarici işlər nazirləri arasında keçirilən görüşlər ərəfəsində sərhəddə yaranan nisbi sakitlik faktoru da təsdiqlədi.
Daha konkret desək, Azərbaycan və Ermənistan təmsilçiləri Vaşinqton və ya Brüsseldə görüşdükdə təmas xəttində təxribat baş verdiyinin şahidi olduq. Ancaq elə ki, görüş yeri kimi Rusiya paytaxtı seçildi, nisbi sakitlik hökum sürdü. Qərb paytaxtlarında görüşləri və onların nəticələrini pozmağa çalışan Rusiyanın Ermənistan ordusundakı “5-ci kolonuna” bu dəfə əmr verilir ki, Moskvada görüş davam edərkən atəş açmasınlar. Bunun əvəzinə Rusiya Qarabağdakı erməni separatçılarını silahlandırmaqda davam etdiyinə şahid olduq. Sülhməramlı kontingentin yenidən gizli yollarla Ermənistana qaçaqmalçılıq yolu ilə silah daşımasına müşaiyə edən tərəf kimi çıxışını gördük.
Lakin bu gün Rusiya Cənubi Qafqazda mövqe savaşı uğrunda mübarizə zamanı digər rəqibləri kimi hər vəchlə bölgə dövlətlərini inandırmağa çalışır ki, ondan etibarlısı, ondan yaxşısı yoxdur və tərəflər üçün ən optimal seçim variantıdır. Separatçılara gizli dəstək fonunda belə Lavrov XİN rəhbərlərinin görüşün zamanı bildirdi ki, Bakı-İrəvan münasibətlərin tənzimlənməsində üçtərəfli razılaşmaların alternativi yoxdur.
Rusiyanın baş diplomatı nəzəri baxımdan düz deyir, müharibədən sonra tərəflər arasında liderlərin imzaladığı yeganə sənəd üçtərəfli razılaşmadır. Lakin bunun siyasi baxımdan da alternativsiz olması üçün indiyə qədər orada əksini tapımış bəndlər icra edilməli idi: Qarabağdakı erməni silahlı dəstələr çıxarılmalı, Naxçıvana maneəsiz keçid verilməli və s. Lakin biz bu gün Rusiyanın Ermənistana bu istiqamətlərdə praktiki addım atması üçün hər hansı bir təzyiq nümunəsindən söhbət edə bilmərik, çünki ortada konkret iş yoxdur.
Bu zamana kimi nə Ermənistan öhdəliklərini yerinə yetirdi, nə də Rusiya bunu etdi. Laçın postunun qurulmasında sonra ümumiyyətlə üçtərəfli razılaşma arxa plana keçib. Böyük ehtimalla Rusiya yeni vəziyyətdə üçtərəfli razılaşmanı müəyyən korrekt edilmiş formada irəli sürəcək, mayın 25-də liderlərin Moskva görüşündə bu, müzakirə edilə bilər. Hərçənd, erməni qoşunlar Azərbaycan ərazisindən çxıarılmadığı, Qarabağda silahsızlaşdırılmadığı müddətdə irəliləyişdən danışmaq çətindir.
Odur ki, Rusiya üçün də bu, vasitəçi qismində son şans ola bilər. Çünki heç kim zəmanət verə bilməz ki, Ermənistanın növbəti təxribatından sonra aqibəti necə olacaq və ümumiyyətlə eskalasiya baş verəcəyi təqdirdə iki dövlət arasında vasitəçiyə artıq heç ehtiyac qalacaqmı?! Bu səbəbdən də Nikol Paşinyan Ermənistanın ölüm mələyi olmaq istəmirsə, konstruktivliyə gecikməməlidir.
Atabəy Türkel