Ermənistan əcəli ilə rəqs edir. Bakı ilə İrəvan arasında son sülh danışıqlarından sonrakı abu-hava da belə düşünməyə ciddi əsas yaradır. İstər Brüssel, istər Moskva, istərsə də Kişinyovdakı Azərbaycan-Ermənistan liderləri arasında baş tutan görüşlərdən öncə və həmin ərəfədə özünü "sülh sevdalısı" obrazına salsa da, sərhəddimizdə və eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında hələ də mövcud olan qanunsuz erməni silahlı birləşmələrinin bu günə kimi davam edən təxribatları bir belə düşünməyə ciddi əsaslar ayardır.
Çünkü Ermənistan siyasi rəhbərliyi sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın da 86,6 min kv-km ərazi bütövlüyünə aid olduğunu bəyan etsə də, icraya gələndə tamamilı fərqli ssenarilərin şahidi olmaqdayıq. Halbuki hətta iki gün əvvəl Ermənistan XİN başçısı da rəhbəri Paşinyan kimi bəyan etdi ki, Qarabağın statusu məsələsi Azərbaycanın daxili işidir.
Rəsmi İrəvan bu cür ikili oyunla Bakını aldatmağın mümkün olacağını düşünüb, zaman qazannmaq, bugünkü geosiyasi reallığı dəyişmək istiqamətində fürsət gözləməyi planlasa da Azərbaycan Ermənistanın bu planından çox yaxşı halidir. O səbəbdən də Bakının İrəvana olan təzyiqləri haqlı olaraq artır. Bunun da nəticəsini yaxın gələcəkdə bir daha açıq şəkildə görəcəyimiz istisna edilmir.
Əslində isə Nikol Paşinyan anlamalıdır ki, onun yekun sülh sazişini sabotaj cəhdi həm Ermənistanın, həm də özünün sonu ola bilər. Elə bu səbəbdən də Ermənistan baş naziri çulunu sudan quru çıxarmaq üçün gah Bakıya müsbət siqnallar ötürür, gah da hamilərinin əlinə oynamağa çalışır. Regionda sülhü istəməyən, ona mane olmağa çalışan qüvvələr hər kəsə bəllidir. Bu gün Rusiya çox da çalışsa da ki, özünü Cənubi Qafqazda əsas sülh tərəfdarı kimi göstərsin, reallıq tamamilə başqadır. İndi Rusiyaya bu ritorika sadəcə, regiondakı mövcudluğunu qorumaq adına lazımdır. Məhz bu üsulla Moskva maksimum dərəcədə çalışır ki, regiona aidiyyatı olmayan kənar dövlətləri Cənubi Qafqazdakı oyuna daxil olmağa mane olsun, Ermənistanın orbitindən çıxmasını əngəlləsin. Ona görə də Rusiya Bakının da istəyini nəzərə almaqla, öz taleyini də Paşinyanın ümidinə buraxmaq barədə düşünmür.
Buradan qaynaqlanaraq Rusiya sülh üçün əsas fundamental sənəd hesab edilən 10 noyabr üçtərəfli sazişindəki bəzi müddəaları zaman-zaman gündəmdə saxlamaqla masaya gətirərək, məhz bu istiqamətdə Ermənistana üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün özünə lazım olduğu qədərində təzyiq edərək, "vasitəçi" görüntüsü yaratmaqda maraqlıdır.
Buna xüsusilə də Kişinyovdakı görüşdən - İyunun 1-i Moldovanın paytaxtındakı görüşdən sonra şahid olduq. İyunun 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Moskvada Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə keçirilən Üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxışındakı bəzi məqamlar bu iddiaları daha da qüvvətləndirdi.
Bəyanatda görüşün konstruktiv şəraitdə keçdiyi əksini tapıb. Orada Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş əldə edildiyi bildirildi. Xüsusilə, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunduğu ictimaiyyətə açıqlandı.
Bütün bunların bir gün əvvəl Qərbin təşkilatçılığı, vasitəçiliyi ilə reallaşan növbəti Azərbaycan-Ermənustan təmaslndan sonra elan edilməsi təsadüfdürmü? Xeyr!
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib ki, bugünkü danışıqlar çox məhsuldar keçib və bu, iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq idi. Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar. Bu açıqlama o deməkdir ki, Kişinyov görüşü Moskva görüşü kimi nəticəsiz qalmadı və beşli format çərçivəsindəki müzakirələrin faydası ola bilər.
BUna adekvat cavab olaraq Rusiya Zəngəzur dəhlizi ilə bağlı önəmli bir məsələdə ciddi irəliləyişin əldə olunduğunu elan etməklə Avropa İttifaqının arqumentini əlindən almağa çalışdı.
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə isə deyib ki, Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyiş var. “Nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam” - deyən Paşinyan Ermənistanın təkliflərinin qəbul olunacağına ümid etdiyini bildirib. Paşinyan hökumətinin son iki il ərzində işləyib hazırladığı təkliflərin kompromislərdən ibarət olduğunu vurğulayıb.
Burada bir məsələ yenə diqqətdən yayına bilməz. Təkrar şahid oluruq ki, ortada çox söz, çox vəd var, real irəliləyişdən isə söhbət getmir. Ermənistan tərəfi 44 kilometrlik məsafədə - Şərqi Zəngəzurla Ermənistan ərazisindən keçməklə Naxçıvanı birləşdirən quru yolda heç bir iş görməyib. Ermənistan rəsmiləri bu işlərin ən tezi yaxın 3 ildə yekunlaşacağını bildirmələri Ermənistanın zaman qoparmaq, yekun sülhün imzalanması prosesini ləngitmək üçün yeni bir taktiki gedişi olduğu istisna edilmir.
Proseslərin bu cür inkişafı sülhə indi halda daha çox ehtiyacı olan Ermənistana xeyirdir. Bakı sülh üçün hətta uzaq Çinə belə getməyə hazırdır. Yetər ki, regionda sabitlik, əminamanlıq hökm sürsün, regional təhlükəsizlik təmin edilsin, iqtisadi inkişafda geriləmə olmasın. Lakin nəticəsiz görüşlər həm sərhəddə, həm Qarabağda gərginlik vəd edir. Böyük ehtimalla Qarabağ məsələsini danışıqlar masasından kənarda saxlayan Azərbaycan müzakirələrə paralel olaraq, suverenliyinə təhdid olan separatizmə qarşı praktiki addımlar atmalı olacaq. Çünkü öz legitim ərazisində hansı tədbirləri görməyin vacib olduğunu rəsmi Bakı özü bilər. Buna kənar ünsürlərin müdaxiləsi, mane olması isə yolverilməzdir.
Atabəy Türkel