Ermənistan üçün çəmbər daraldı – Qarabağ mövzusu BİTDİ

09:04 - 04 Oktyabr 2023

Ermənistan üçün çəmbər daraldı – Qarabağ mövzusu BİTDİ

Ermənistan Qərbin bəzi dairələrinin əlində marionetka olmaqdan yorulmadı. Ermənilər son 3 ildə tarixi dərslərdən nəticə çıxara bilmədiklərini son proseslər fonunda növbəti dəfə nümayiş etdirirlər. Rusiyanın uzun illər boyu forpostu olan bu dövlət indi özünü Kremlin orbitindən kənarda axtarmaq niyyətinə düşüb. 

Bu zamana kimi heç bir daxili və xarici məsələdə müstəqil addım atmayan Ermənistanın birdən-birə belə bir fikrə düşməsi ona xeyrdən çox ziyan vuracaq. Doğrudur, Ermənistanın Cənubi Qafqazın digər iki ölkəsi - Azərbaycan və Gürcüstandan əsas strateji üstünlüyü Rusiya ilə birbaşa sərhədinin olmamasıdır. Eyni zamanda, Ermənistanın NATO ilə 300 km-lik sərhədi var.

Bu gün kollektiv Qərb hazırki Ermənistan iqtidarı ilə bütün kanalları möhkəm şəkildə işə salaraq mümkün qədər tez bir zamanda Rusiyanın təsir dairəsindən çıxması üçün səy göstərir. Kreml də bunun çox yaxşı fərqindədir. Rusiya anlayır ki, Ermənistanın ondan qurtulması Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə ciddi mənada zərbə ola bilər. Bu səbəbdən Kremlin Nİkol Paşinyan hakimiyyətinə güzəştə gedəcəyi inandırıcı görünmür. 

Hər halda Ankara son proseslərin əsas qazananı kimi görünür. Türkiyə son illərdə Cənubi Qafqazda dinamik oynamağın, doğru cəbhədə yer almağın bəhrəsini görür. İstisnasız olaraq proseslərin Türkiyəni məmnun edəcək səviyyədə cərəyan etməsi rəsmi Bakı üçün də məqbuldur. Nəzərə alsaq ki, Şuşa Bəyannaməsindən üzü bu yana bütün sahələr üzrə, xüsusilə də hərb nöqteyi nəzərdən Azərbaycan ilə Türkiyə ikitərəfli pakt qurub, o zaman Moskva ilə İrəvan arasındakı bu gürəginlik bizi heç də narahat etməməlidir.

Azərbaycan növbəti şikar üçün sadəcə doğru zamanlamanı bilməlidir. 44 günlük müharibədən bu yana məhz rəsmi Bakının təmkinli, düzgün zamanlaması və qətiyyəti çox önəmli yeni zəfərlərdə həlledici oldu. Baxmayaraq ki, Fransa başda olmaqla Qərbin ermənipərəst dairələri Azərbaycana qarşı bu günə kimi əsassız iddialarla, işğalı dəstəkləyən bəyanatlarla, separatçılığa verdikləri "dəyərlə" rəsmi Bakıya təzyiq və təsir göstərməyə çalışır. 

Bütün bunlar azmış kimi Ermənistana bölgədə yeni eskalasiya riski yaratmaq üçün müxətlif formada dəstək ifadə edirlər. Necə ki, bunu yenə Fransadan gördük. Fransanın xarici işlər naziri ötən gün İrəvanda deyib ki, ölkəsi Ermənistanla hərbi saziş imzalamağa və Ermənistana hərbi texnika satmağa hazırdır.
Bu o deməkdir ki, Fransa Cənubi Qafqazda sabitlikdən, sülhdən çox narahatdır və Azərbaycanın İkinci Qarabağ müharibəsi ilə yaratdığı yeni reallığı qəbul etmək niyyətində deyil. Bu vəziyyət əslində rəsmi Bakını elə də məyus etmir. Uman yerdən küsərlər...

Bəli, narahat olmağa dəyməz, əksinə Fransanın Ermənistana silah satmaq istəyi digər Avropa ölkələrinin Azərbaycana silah və hərbi texnika satmaq yolunu aça bilər. Çünki uzun illər Avropa Birliyi ölkələrinin Azərbaycana və Ermənistana silah və hərbi texnika satılmaması barədə ortaq qərarı var idi. Fransa bu qeyri-rəsmi embarqo qərarını Ermənistanın xeyrinə pozacaqsa, digər Avropa ölkələrinin Azərbaycana silah və hərbi texnika satmaq istəyəcəkləri istisna edilmir.

Bunun üçün çox tutarlı əsaslar var: Pul Azərbaycanda, qalib ordu Azərbaycanda. Silah satan ölkə istəyər ki, pul qazansın və satdığı silahların prestijini artırmaq üçün daha güclü, daha üstün tərəflərlə razılaşaraq silah bazarındakı reklamını təmin etmiş olsun.

Bu səbəbdən yaxşı olar ki, Ermənistan Fransanın və havayı göndərdiyi silahlara bel bağalamaqdansa, Azərbaycanla sülh yolunda "əhdi-peyman" bağlasın. Ona görə ki, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra Bakı-İrəvan danışıqlarının perspektiv layihələndirilməsi Ermənistan üçün daha çətin vəziyyəti canlandıracaq.

Ermənistan unutmamalıdır ki, bu zamana kimi iki tərəf arasında uzun illər davam edən və kənar aktorların təhriki ilə qızışdırılan təhdid mənbələrindən ən vacibi aradan qalxdı - artıq Qarabağda nə işğal, nə separatçı rejim var, nə də hər hansı status gündəliyə çıxarıla bilinəcək. Bütün bunların hammısı gorbagor oldu, tarixin zibilliyinə atıldı.

Qarabağdakı 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri Azərbaycanın Ermənistana və ona hamilik edənlərə əsl əzələ nümayişi oldu. Azərbaycan Ordusu 23 saat 43 dəqiqəyə 44 günlük müharibədən sonra yarımçiq qalan bütün işlərini planlaşdırdığı şəkildə tamamladı. Bakı ilə İrəvan arasında bundan sonrakı danışıqlarda Ermənistanın daha manevr etmək üçün əvvəlki imkanı olmayacaq. Çəmbər rəsmi İrəvan üçün bir xeyli daraldı. 

Qarabağda reallaşdırılan antiterror tədbirlərinin yekununda ermənilərin reinteqrasiyası İrəvana qarşı danışıqlar masasında rəsmi Bakının ən böyük silahı olacaq. Ermənistan ya Azərbaycanın sülh əlini sıxıb, üzərinə götürdüyü öhdəlikləri icra etməkdən başqa yolunun olmadığını etiraf edəcək, məsuliyyəti üzərinə götürəcək, ya da Qərbin küyünə gedib, özünü birdəfəlik məhv edəcək.

Atabəy Türkel
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv