44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistana aktiv və açıq şəkildə siyasi dəstəyi ilə seçilən Fransa bu əməkdaşlığı daha da gücləndirmək niyyətindədir. Rəsmi Paris İrəvanla bu əməkdaşlığı xüsusilə hərbi müstəviyə daşımaq üçün artıq praktiki addımlar atmağa başlayıb.
Ermənistan müdafiə naziri Papikyanın 2 gün əvvəl Parisə çağırılması, orada hərbi müstəvidə imzalanan sənədlər deməyə əsas verir ki, Emanuel Makron hakimiyyəti erməniləri revanşa hazırlamaq planını işə salıb. Fransanın müdafiə naziri Sebastyan Lekornyunun rəsmi Parisin Ermənistana hava hücumundan müdafiə silahları satmağa hazırlaşdığını, həmçinin iki ölkənin hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edəcəyini vurğulaması tez-tez eşitməyə adətgar olduğumuz məsələlərdən deyildi. Fransa işin praktiki tərəfini artıq böyük ölçüdə nəzərdən keçirib.
Bunu Fransanın artıq Ermənistana hərbi müşavir təyin etməsi işin bütün qırmızı çizgiləri aşmağa doğru getdiyindən xəbər verir. Nəzərə alsaq ki, Parisin İrəvana göndərəcəyi hərbi müşavirin əsas işi məhz Ermənistan ordusu üçün xüsusi qruplar hazırlamaq olacaq, o zaman "sülh" ifadəsi arxasında kimlərin pərdələndiyini bir daha aydın sezə bilərik.
Fransalı nazir konkret olaraq hansı hərbi texnikanın satılacağını açıqlamasa da, "bu texnikadan Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün istifadə olunacağını" bildirib. Təbii ki, bunun başqa bir açıqlaması yoxdur: Fransa Ermənistanı regionun yenidən paliqona dönməsi üçün qabağa atmağa çalışır. Ən təəssüfedici məqam isə Ermənistanın bu oyuna getdməkdə olmasıdır. Ermənistan siyasi rəhbərliyi Fransanın onu növbəti müharibəyə açıq-aşkar təhrik etdiyini görsə də, onun bu istəyinə qarşı çıxacaq hər hansı addım atmır.
Artıq gün kimi aydındır ki, Fransa Ermənistana silah sataraq ölkəni Azərbaycana qarşı yeni müharibəyə qoşmaqda maraqlıdır. Makron hakimiyyəti məhz bu yolla Ermənistanda revanşizmi gücləndirməklə bölgədə eskalasiya riskini daha da artırmaq məqsədi güdür. Açıq-aşkar görünür ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması rəsmi Parisin maraqlarına xidmət etmir.
Təbii ki, rəsmi Parisin anti-Azərbaycan, antitürk siyasəti, Ermənistanı açıq-aşkar dəstəkləməsi yeni hal deyil. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqdan sonra Fransanın bu siyasəti daha açıq şəkildə “türkəfobiya”, “Azərbaycanafobiya” şəklində təzahür etməyə başlayıb. Lakin 19-20 sentyabrda lokal antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağın hər qarışında nəzarəti tamamilə ələ alması Ermənistandan da daha çox Fransanın yuxularını ərşə çəkib.Qarabağda separatizmi legitimləşdirmək üçün 30 illik işğal dövründə bütün imkanlarından eninə-boyuna istifadə edən Paris belə görünür ki, artıq manevr imkanlarının məhdudlaşdığını hiss edir. İstisna edilmir ki, Fransa Qarabağ mövzusunun gündəmdə saxlanılması, Azərbaycan-Ermənistan məsələsinin süni gərginliklərlə sülhlə nəticələnməməsinin mümkünlüyü və bunun Qərbin Cənubi Qafqazdakı son şansı kimi dəyərləndirir.
Fransanın aqressiv geopolitik maraqları özünü bütün çılpaqlığı ilə nümayiş etdirir. Fransa İkinci Dünya Müharibəsində qazanılmış qələbəyə parazit şəkildə şərik çıxan, müharibədə heç bir rol oynamayan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzvü və nüvə ölkəsi olaraq, xüsusilə Avropa İttifaqı çərçivəsində daim özünü lider kimi görən ölkədir. Fransa özünü Avropa İttifaqının əsas aparıcı ölkəsi kimi təqdim etməyə çalışır. Ona görə, Fransa dünyanın müxtəlif regionlarına müdaxilələr, təzyiqlər etmək kimi destruktiv bir funksiyanı bəh-bəhlə yerinə yetirməkdən usanmır.
İndi Fransanın Ermənistana hansısa yeni silahların verilməsi haqqında sərsəm bəyanatları, erməni revanşizmini yenidən canlandırmağa çalışması təhlükəli görünsə də rəsmi Bakı prosesləri çox düzgün analiz edir və anında atdığı addımlarla Parisin əlini zəiflədir desək, yanılmaram.
44 günlük Vətən müharibəsi, 23 saat 43 dəqiqəlik antiterror tədbirlərindən sonra Azərbaycanın suverenlyini,ərazi bütövlüyünü tamamilə bərqərar etməsi Fransanın geosiyasi və geoiqtisadi cəhətdən tamamilə məğlubiyyətini, siyasətinin fiaskosunu sürətləndirəcək.
Fransanın bugünkü ikitirəliyi, anti-demokratik siyasəti və separatizmin təbliğindakı fəallığı bir çox Qərb dövlətlərini yuxudan ayıltmalıdır. Fransa bu gün Qərbin çox önəmli təsisatlarının imicini ciddi şəkildə korlamaqla məşğuldur. Bu səbəbdən də Parisin BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılması məsələsi getdikcə aktuallığını artırmalıdır. Çünki Fransa dünyada qəti şəkildə beynəlxalq sülh və təhlükəsizliyin qayğısına qalmaq iqtidarında deyil. Əksinə, bu dövlət beynəlxalq sülhə, təhlükəsizliyə təhdid yaradır. Bunu da əsas götürərək Fransanın BMT Təhlükəsizlik Şurası üzvlüyündən çıxarılması tələb olunmalıdır.
Qısacası, Cənubi Qafqaz uğrunda mübarizə şiddətlənir. Rusiya informasiya məkanında və Kremlə tabe olan media vasitələrində N.Paşinyana qarşı növbəti təbliğat dalğasının başlanılması belə düşünməyə əsas verir. Yeni dalğanın şiddəti hətta İrəvanın Moskvaya diplomatik etiraz notası təqdim etməsinə səbəb olub. Lakin Kreml də İrəvanın Qərbə meyl etməsini sakit qarşılayacaq kimi görünmür. Putin MDB-nin Bişkek sammitində Ermənistan rəhbərliyi barədə nə qədər mülayim danışsa da, Moskva İrəvanda hazırki hakimiyyətin mövcudluğu ilə barışmaq niyyətində deyil.
Belə demək mümkünsə, Nikol Paşinyan hazırda bir yox, bir neçə odla oynayır. Onun region dövlətlərindən yan keçməklə Qərbin qucağına tullanması böyük ehtimalla İrəvanın uzun illər təlafiyə edə bilməyəcəyi ağır fəsadlarla üzləşməsini şərtləndirəcək. Ermənistan baş nazirinin Azərbaycanla sərhəddə yeni qoşun və hərbi texnika yığması, Rusiyanı Ermənistandan təcrid etmək niyyəti, Avropa İttifaqının "mülkü missyası"nın nümayəndəliklərinin sayını bir xeyli artırması İrəvan üçün sonun başlanğıcı deməkdir.
Atabəy Türkel