Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində bir sıra mühüm addımlar atılmaqdadır. Son illərdə bu sahədə həyata keçirilən proqramlar və layihələr gənc nəslin sağlam böyüməsi və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi üçün əlverişli mühitin formalaşmasına yönəlib. Uşaqların fiziki aktivliyini artırmaq, onların zehni inkişafını dəstəkləmək və sosial bacarıqlarını inkişaf etdirmək məqsədilə müxtəlif idman və təhsil layihələri həyata keçirilir. Bu təşəbbüslər uşaqların və gənclərin həyat keyfiyyətini yüksəltməklə yanaşı, onların gələcəkdə uğurlu və sağlam vətəndaşlar kimi yetişməsini təmin edir.
Bəs sözügedən istiqamətdə başqa hansı addımların atılmasına ehtiyac var?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vasif Qafarov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda uşaq və gənclərin fiziki, psixoloji və mənəvi inkişafı məsələsinə yanaşarkən ilk növbədə bu məsələdə təhsil sisteminin, xüsusilə də qiymətləndirmə mexanizmlərinin roluna diqqət yetirmək lazımdır:

“Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti daha geniş və tənqidi şəkildə nəzərdən keçirilməlidir. Mövcud vəziyyətdə imtahanların həddindən artıq mürəkkəb və detallara yönəlmiş olması şagirdlərin real bilik və bacarıqlarını ölçməkdən çox onları sadəcə mexaniki olaraq test texnikasına uyğunlaşdırmağa xidmət edir. Bu yanaşma uşaqlarda yaradıcılığın, tənqidi düşüncənin və sərbəst fikir ifadəsinin inkişafını məhdudlaşdırır. Şagirdlər bilik qazanmaq üçün deyil, sadəcə imtahanı keçmək üçün oxumağa məcbur qalır.
Avropa ölkələri və digər qabaqcıl dövlətlərlə müqayisədə bu fərq daha açıq görünür. Məsələn, Finlandiya, Almaniya və Niderland kimi ölkələrdə qiymətləndirmə sistemi yalnız testlər üzərində qurulmur. Orada layihə əsaslı öyrənmə, şifahi təqdimatlar, analitik düşüncə və praktiki bacarıqlar ön plana çıxarılır. İmtahanlar daha sadə və məntiqə əsaslanan formada olur, əsas məqsəd şagirdin bilik, bacarıq və düşünmə qabiliyyətini yoxlamaqdır. Bundan əlavə, həmin ölkələrdə şagirdlərin psixoloji vəziyyəti ciddi nəzərə alınır və imtahan stresini minimuma endirmək üçün xüsusi proqramlar tətbiq olunur”.
Deputat qeyd edib ki, Azərbaycanda imtahan sistemi şagirdlər üçün psixoloji təzyiq mənbəyinə çevrilib. Bu isə şagirdlərin fiziki, psixoloji və mənəvi sağlamlığına ciddi zərbə vurur:
“Şagirdin bütün günü məktəbdə, repetitor yanında və evdə dərs oxumaqla keçir. Mövcud sistem şagirdləri idmandan, fiziki aktivlikdən və mənəvi tərbiyyədən kənarda qoyub. Nəticədə uzunmüddətli hazırlıq, repetitor asılılığı və davamlı stress nəticəsində bir neçə fənn üzrə bilikləri mexaniki olaraq əzbərləyib öyrənən, amma fiziki və mənəvi cəhətdən kasad, psixoloji vəziyyəti də yerində olmayan robot gənclər yetişir.
Bu problemlərlə yanaşı, müasir dövrdə uşaqların inkişafına mənfi təsir edən digər mühüm faktor sosial şəbəkələrdir. Xüsusilə, 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə nəzarətsiz çıxışı onların psixoloji və mənəvi inkişafına ciddi zərər vurur. Bu səbəbdən aşağıdakı mexanizmlərin tətbiqi məqsədəuyğun ola bilər: Dövlət səviyyəsində azyaşlıların sosial şəbəkələrə çıxışının müəyyən çərçivədə tənzimlənməsi ilə bağlı mexanizmlərin hazırlanması; Sosial şəbəkələrdə yaş məhdudiyyətinin texniki olaraq daha ciddi tətbiqi (məsələn, şəxsiyyət təsdiqi sistemləri vasitəsilə); Valideyn nəzarəti alətlərinin (parental control) genişləndirilməsi və istifadəsinin təşviqi; Məktəblərdə rəqəmsal savadlılığa geniş yer verilməsi; Uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydalarının öyrədilməsi.
Ümumilikdə, daha sağlam və balanslı nəsil yetişdirmək üçün təhsil sistemi yalnız bilik yox, insan inkişafı üzərində qurulmalıdır”.
Vasif Qafarov son olaraq vurğulayıb ki, ailə, məktəb və cəmiyyət birlikdə çalışaraq uşaqlara daha təhlükəsiz, sağlam və motivasiyaedici mühit təqdim etməlidir.
Fidan Vəlisoy
6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
