İran yoxsa İsrail? - Hansı ordu daha güclüdür?

11:50 - 13 İyun 2025

İran yoxsa İsrail? - Hansı ordu daha güclüdür?

İsrailin ötən gecə İranın paytaxtı Tehranın mərkəzinə endirdiyi zərbədən sonra bölgədə vəziyyət yenidən gərginləşib. Hücumdan sonra Tehranın mümkün cavab addımları ilə bağlı gözləntilər gündəmə gəlib. Bəs, tərəflərin hərbi gücü mümkün müharibənin gedişatına necə təsir göstərə bilər?


Manset.az Haber Global-a istinadən xəbər verir ki, ekspertlər tərəflərin hərbi potensialını nəzərdən keçirərək, mümkün müharibənin gedişatına hansı amillərin təsir edə biləcəyini qiymətləndirirlər.

İranın hərbi qüvvəsi

İran təxminən 580 min aktiv və 200 min ehtiyatda olan hərbçi ilə Yaxın Şərqin ən iri ordularından birinə sahibdir. Silahlı qüvvələr iki əsas strukturdan – dövlət ordusu və İnqilab Keşikçiləri Korpusundan (SEPAH) ibarətdir. SEPAH daxilində fəaliyyət göstərən “Qüds Qüvvələri” isə ölkənin xarici hərbi əməliyyatlarını idarə edir və Hizbullah, Həmas, İslami Cihad kimi qruplarla əlaqələr saxlayır. Ali qərarları isə İranın dini lideri Ayətullah Əli Xamenei verir.

İranın hərbi doktrinası əsasən “çəkindirmə” strategiyasına əsaslanır. Bu səbəbdən ölkə uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatlarının (PUA) inkişafına böyük vəsait ayırır. Secil (2500 km), Xeybər (2000 km) və Hacı Qasım (1400 km) kimi ballistik raketlər, eləcə də Mühacir-10 tipli dronlar diqqət çəkən sistemlər sırasındadır.

İran 2023-cü ildə ilk hipersəs raketini də təqdim edib. Ölkə həmçinin sanksiyalardan yayınmaq üçün yerli hərbi sənaye potensialını gücləndirməyə çalışır. Dron və raket sahəsində müəyyən uğurlara nail olsa da, sualtı qayıqlar və zirehli texnika üzrə hələ də xarici texnologiyaya ehtiyac duyur.

Bununla belə, İran ordusunun zəif nöqtələri də var. Ən əsas çatışmazlıq köhnəlmiş döyüş təyyarələridir. İnqilabdan əvvəl alınmış təyyarələrin əksəriyyəti ehtiyat hissələrinin çatışmazlığı səbəbindən sıradan çıxıb. Tank və digər texnikalar da müasir standartlara cavab vermir.

2023-cü ilin statistikalarına görə, İran dünyada hərbi gücə görə 14-cü yeri tutur. SIPRI-nin məlumatına əsasən, həmin il ölkənin hərbi büdcəsi 10 milyard dolları ötüb və bu məbləğin 37%-i SEPAH-a ayrılıb.

İsrailin hərbi potensialı

İsrailin əhalisi təxminən 10 milyon, ordusunda isə 170 min aktiv hərbçi xidmət edir. Buna baxmayaraq, ölkənin hərbi büdcəsi və texnoloji üstünlüyü balansı dəyişir. 2023-cü ildən bəri İsrailin hərbi xərcləri 65% artaraq 47 milyard dollara çatıb. Bu göstərici ÜDM-ə nisbətdə İranla müqayisədə iki dəfə çoxdur.

İsrailin 240-dan çox döyüş təyyarəsinə sahib olduğu bildirilir. Müasir F-15 və F-35 qırıcıları sayəsində ölkə yüksək dəqiqlikli hava əməliyyatları apara bilir. İran isə əsasən köhnə təyyarələrdən ibarət 188 ədəd döyüş aviasiyasına malikdir və onların əksəriyyəti texniki baxımdan məhduddur.

İran raket və dron ehtiyatı baxımından bölgədə ön sıralardadır. ABŞ Mərkəzi Komandanlığının sabiq rəhbəri Kennet Makkenzinin sözlərinə görə, İranın arsenalında 3000-dən artıq ballistik raket var. Lakin İsrailin “Dəmir günbəz” və “Davidin sapanı” kimi qabaqcıl hava hücumundan müdafiə sistemləri bu təhdidlərə qarşı effektiv sayılır. Aprelin 13-də İranın raket və PUA hücumu zamanı bu sistemlər 300-dən çox hədəfi zərərsizləşdirib.

Dəniz qüvvələri baxımından İran 107 döyüş gəmisinə sahib olsa da, bu texnikaların əksəriyyəti köhnədir. İsrailin donanması isə daha az – 60 gəmidən ibarət olsa da, müasir texnologiya ilə təchiz olunub.

Kibermüharibə sahəsində İsrailin daha inkişaf etmiş olduğu bildirilir. Bununla belə, son dövrlərdə İrandan həyata keçirilən kiberhücumların artdığına dair məlumatlar da yayılıb.

İsrailin nüvə silahına sahib olduğu ehtimal edilsə də, Təl-Əviv bu barədə rəsmi mövqe bildirmir. İran isə nüvə proqramının dinc məqsədlərlə aparıldığını bildirir və silah hazırladığı iddialarını rədd edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az