Astronomlar yeni planet kəşf etdi

09:24 - 27 Avqust 2025

Astronomlar yeni planet kəşf etdi

Astronomlar Yerdən təxminən 430 işıq ili məsafədə yerləşən gənc ulduzun ətrafında Yupiterə bənzər yeni qaz nəhəngi planet kəşf ediblər.


Manset.az Earth.com-a istinadən xəbər verir ki, planet Hollandiyanın Leiden Universiteti, İrlandiyanın Galway Universiteti və ABŞ-nin Arizona Universitetinin alimlərinin birgə apardıqları tədqiqat nəticəsində aşkar edilib. Yeni kəşf olunan planetə “WISPIT 2b” adı verilib.

Alimlər kəşfi Çilidə yerləşən Atakama səhrasında fəaliyyət göstərən Avropa Cənub Rəsədxanasının (ESO) Çox Böyük Teleskopu (VLT) vasitəsilə həyata keçiriblər.

Araşdırmalara əsasən, “WISPIT 2b” planetinin yaşı təxminən beş milyon ildir. Bu planet Yupiterin böyüklüyündədir və gənc ulduzun ətrafındakı toz diskinin daxilində yerləşir.

Tədqiqatın müəlliflərindən biri, Galway Universitetinin Təbiət Elmləri Fakültəsinin müəllimi Kristian Ginski bildirib ki, onlar müşahidələr zamanı ulduzun ətrafında çoxsaylı halqalardan ibarət toz diski aşkar ediblər. Alimin sözlərinə görə, bu halqaların içərisində planetin parıltısı da qeydə alınıb.

Araşdırmanın nəticələri nüfuzlu “Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az