Ukraynanın paytaxtı Kiyev gecə saatlarında Rusiyanın genişmiqyaslı hava hücumlarına məruz qalıb.
Manset.az xəbər verir ki, şəhər rəhbərliyi azı 3 nəfərin həlak olduğunu, 9 nəfərin isə yaralandığını açıqlayıb. Ölənlərdən biri azyaşlı uşaqdır.
Fransız “AFP” agentliyinin hadisə yerində olan müxbirləri şəhər üzərində güclü partlayışların baş verdiyini və göyə qalxan tüstü sütunlarının müşahidə olunduğunu bildiriblər. Məlumata görə, hava hücumundan müdafiə sistemləri ən azı bir raketi vuraraq zərərsizləşdirib.
Kiyev meri Vitali Kliçko paytaxtın “kütləvi hücuma” məruz qaldığını bildirib. O, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyət göstərdiyini vurğulayıb və əhalini təhlükəsizlik sığınacaqlarında qalmağa çağırıb.
Fövqəladə hallar xidməti Darnitski, Dneprovski və Şevçenkivski rayonlarında zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işlərini davam etdirir. Bəzi yaşayış binalarına ciddi ziyan dəydiyi qeyd olunur.