Banqladeşin Xaqraçhari rayonunda tələbə qızın cinsi istismarına etiraz olaraq keçirilən nümayiş zamanı qarşıdurma baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb.
Manset.az-ın "Dhaka Tribune" qəzetinə istinadən məlumatına görə, yerli qəbilədən olan bir qız tələbənin cinsi istismara məruz qalması ilə bağlı iddialar ölkədə zorakılığa səbəb olub.
Səlahiyyətlilər hadisəyə etiraz olaraq bölgədə keçirilən nümayiş zamanı yerli qəbilələrlə təhlükəsizlik qüvvələri arasında gərginliyin yarandığını bildirib.
Gərginliyin sürətlə qarşıdurmaya çevrilməsi nəticəsində 3 nəfərin öldüyünü və onlarla insanın yaralandığını qeyd edən səlahiyyətlilər, hadisələr zamanı etirazçılarla benqallılar arasında qarşılıqlı hücumların da olduğunu, bölgədə çoxlu sayda ev və dükanın yandırıldığını bildirib.
Hadisələrdən sonra bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb, toplantı və yürüşlər qadağan edilib.