“Çelsi”nin və Seneqal millisinin sabiq hücumçusu Demba Ba Fransanın “Havr” klubunun idman direktoru vəzifəsindən ayrılıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, seneqallı keçmiş futbolçu klubdakı qeyri-sabit vəziyyətə görə belə qərar verib. O, cari ilin iyunundan bu vəzifədə çalışırdı.
Qeyd edək ki, “Havr” daha əvvəl baş məşqçi Didye Diqarla yollarını ayırıb. Buna etiraz olaraq klub prezidenti Jan-Mişel Russye də vəzifəsini tərk edib. Klubun sahibi “Blue Crow” investisiya qrupu hazırda rəhbərlikdə dəyişikliklərə hazırlaşır.
Xatırladaq ki, Fransa Liqa 1-də 2 xalı olan “Havr” turnir cədvəlinin sonuncu pilləsində yer alır.