logo
logo logo
logo

Avropa demokratiyası sınaq qarşısında: Küçələrdəki etirazlar, hakimiyyət böhranı və itirilən etimad

11:07 - 03 Noyabr 2026

Avropa demokratiyası sınaq qarşısında: Küçələrdəki etirazlar, hakimiyyət böhranı və itirilən etimad

Avropa uzun illər dünyaya demokratiya, insan hüquqları, sosial rifah və siyasi sabitlik nümunəsi kimi təqdim olunub. Lakin son dövrlərdə qitənin bir sıra ölkələrində müşahidə edilən hadisələr bu modelin özünün ciddi sınaq qarşısında olduğunu göstərir.

Fransada kütləvi etirazlar və iğtişaşlar, Almaniyada artan sosial narazılıq, digər Avropa ölkələrində yaşayış bahalığına, mənzil probleminə, miqrasiya siyasətinə və dövlət xidmətlərinin keyfiyyətinə qarşı keçirilən aksiyalar artıq ayrı-ayrı hökumətlərin üzləşdiyi çətinliklərdən daha böyük mənzərə yaradır. Söhbət Avropanın siyasi idarəçilik modelinə, sosial müqaviləsinə və ənənəvi demokratik institutlarına olan etimadın zəifləməsindən gedir. Fransada baş verən son hadisələr bu baxımdan xüsusilə diqqətçəkəndir. Prezident Emmanuel Makronun hakimiyyəti dövründə ölkə bir neçə dəfə genişmiqyaslı etiraz dalğası ilə üzləşib.

2018-ci ildə “Sarı jiletlilər” hərəkatı, 2023-cü ildə pensiya islahatlarına qarşı kütləvi nümayişlər, indi isə təhsil sistemindəki problemlər və yaşayış xərcləri ətrafında başlayan etirazlar Fransada sosial narazılığın müvəqqəti xarakter daşımadığını göstərir. 


Əhali artıq yalnız təhsil sistemindən deyil, ümumilikdə dövlətin sosial siyasətindən, iqtisadi vəziyyətdən və siyasi qərarların qəbulundan narazılığını ifadə edir. Oktyabrın 17-də baş verən hadisələrdə yüz minlərlə insanın küçələrə çıxması, inzibati binaların yandırılması və polislə toqquşmalar ölkədəki vəziyyətin nə qədər gərginləşdiyini nümayiş etdirdi.

Bütün bunları Makronun uğursuz idarəçiliyi kontekstində qiymətləndirmək mümkündürmü?


Əslində, siyasi təhlilçilərin bir hissəsi məhz bu qənaətdədir. Le Monde qəzetinin redaksiya məqaləsində Makronun son on ildə sosial etirazlara və cəmiyyətin narazılığına kifayət qədər həssas yanaşmadığı, həmkarlar ittifaqları ilə dialoqun zəiflədiyi və hökumətin kompromis imkanlarını itirdiyi vurğulanır. Makronun 2024-cü ildə parlamenti buraxmaq qərarından sonra ölkədə yaranmış siyasi parçalanma da vəziyyəti mürəkkəbləşdirən amillərdəndir.  Parlamentdə sabit çoxluğun olmaması, hökumətin siyasi manevr imkanlarının məhdudlaşması və dövlət büdcəsinin ağır vəziyyəti sosial problemlərin həllini çətinləşdirir. Beləliklə, Fransa prezidenti yalnız küçələrdəki etirazlarla deyil, həm də idarəçilik qabiliyyətinə və siyasi legitimliyinə dair suallarla üz-üzədir. Chatham House ekspertlərinin qiymətləndirməsində də Fransa hadisələrinin arxasında daha dərin problemlərin dayandığı qeyd olunur. Söhbət gələcəyə inamını itirən, siyasi istiqamətini müəyyənləşdirməkdə çətinlik çəkən və mövcud hakimiyyətin problemləri həll edə biləcəyinə şübhə ilə yanaşan cəmiyyətdən gedir. Bu mənada Fransadakı hadisələr təkcə Makronun siyasi mirası üçün deyil, bütövlükdə Avropanın gələcəyi üçün xəbərdarlıq kimi qiymətləndirilir. Fransada baş verənləri Avropanın digər aparıcı ölkələrindəki proseslərdən ayrı təsəvvür etmək olmaz. Xüsusilə Almaniyanın vəziyyəti diqqət çəkir. Uzun illər Avropa iqtisadiyyatının lokomotivi hesab edilən Almaniya indi iqtisadi durğunluq, sənaye rəqabət qabiliyyətinin zəifləməsi, enerji xərclərinin artması və əmək bazarındakı problemlərlə üzləşir.  Nəticədə enerji və istehsal xərcləri artır, müəssisələrin rəqabət imkanları azalır, iş yerləri ilə bağlı qeyri-müəyyənlik güclənir. Bu proses isə birbaşa vətəndaşların gündəlik həyatına təsir edir. İnsanlar daha yüksək kommunal xərclər, bahalaşma, mənzil problemi və gələcəyə dair qeyri-müəyyənliklə üzləşirlər. Avropada müşahidə edilən böhranın əsas səbəblərindən biri də vətəndaşlarla siyasi elita arasında yaranmış etimad boşluğudur. Seçkilər zamanı sosial rifahın yüksəldilməsi, iş yerlərinin yaradılması, enerji qiymətlərinin aşağı salınması, mənzil probleminin həlli, miqrasiya siyasətinin tənzimlənməsi və təhlükəsizliyin təmin olunması kimi vədlər verilir.

Lakin hakimiyyətə gəldikdən sonra siyasi qüvvələr bu vədləri real nəticələrə çevirməkdə çətinlik çəkirlər.


Məhz bu məqamda da Avropanın ənənəvi siyasi institutları ciddi sınaqla üzləşir. İnsanlar artıq yalnız siyasi proqramlara və seçkiqabağı vədlərə deyil, konkret nəticələrə qiymət verirlər. Hakimiyyətin fəaliyyəti ilə cəmiyyətin gözləntiləri arasında məsafə böyüdükcə siyasi sistemə inam azalır. Bu isə populist və radikal siyasi qüvvələrin güclənməsi üçün münbit zəmin  yaradır. Fransa və digər Avropa ölkələrində baş verən hadisələrin daha bir mühüm tərəfi dövlətin etirazlara münasibətidir. Son həftələrdə bəzi ölkələrdə kütləvi həbslər, nümayişlərin məhdudlaşdırılması, komendant saatları və polis qüvvələrinin sərt müdaxiləsi ciddi müzakirələrə səbəb olub.

Burada Avropanın özünün illərdir müdafiə etdiyi demokratik dəyərlərlə real siyasəti arasında yaranan ziddiyyət diqqət çəkir.

Əgər demokratiyanın əsas prinsiplərindən biri vətəndaşın öz mövqeyini sərbəst ifadə etmək, hakimiyyətin qərarlarına etiraz etmək və dinc nümayiş keçirmək hüququdursa, bu hüququn qorunması dövlətin də əsas öhdəliklərindən biridir.  Council on Foreign Relations Fransadakı etirazlarla bağlı materialında sentyabrın sonu və oktyabrın əvvəllərində 6 mindən çox şəxsin saxlanıldığını, saxlanılanların böyük hissəsinin yetkinlik yaşına çatmayanlardan ibarət olduğunu qeyd edir. Bu rəqəmlər polis müdaxiləsinin miqyası ilə bağlı ciddi suallar doğurur.  Avropa üzrə vətəndaş cəmiyyəti qurumları da son etirazlarda bəzi ölkələrdə polis gücünün qeyri-mütənasib tətbiqi, nümayişlərin qadağan edilməsi və dinc etiraz hüququnun məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Əgər hakimiyyət sosial problemlərin həlli əvəzinə yalnız təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə üstünlük verirsə, bu, narazılığın aradan qalxmasına deyil, daha da dərinləşməsinə gətirib çıxara bilər.  Dövlətin gücü yalnız küçələrə nəzarət etmək imkanları ilə deyil, cəmiyyətin etimadını qorumaq bacarığı ilə də ölçülür. Fransa və Almaniyada baş verənlər, eləcə də digər Avropa ölkələrində müşahidə edilən etirazlar göstərir ki, qitə yeni siyasi mərhələyə daxil olur. Bu mərhələdə ənənəvi siyasi qüvvələr yalnız rəqibləri ilə deyil, həm də cəmiyyətin dəyişən gözləntiləri ilə mübarizə aparmalı olacaqlar. Ən ciddi təhlükə isə sosial problemlərin siyasi radikallaşmaya çevrilməsidir. İqtisadi narazılıq, miqrasiya ətrafında mübahisələr, təhlükəsizlik problemləri və hakimiyyətə inamsızlıq birləşdikdə siyasi qütbləşmə güclənir.

Avropanın qarşısında duran əsas sual budur: uzun illər dünyaya demokratiya və sosial rifah modeli təqdim edən qitə öz daxilində yaranmış bu problemləri hansı vasitələrlə həll edəcək?


İctimai narazılığı yalnız polis tədbirləri, həbslər və inzibati məhdudiyyətlərlə cilovlamaq mümkündürmü, yoxsa siyasi elita nəhayət cəmiyyətin real problemləri ilə üzləşməli, vədlərdən konkret nəticələrə keçməlidir? Görünən odur ki, Avropada artıq yalnız hökumətlərə deyil, bütövlükdə mövcud idarəçilik modelinə qarşı suallar yaranır. Və bu suallara inandırıcı cavab verilmədikcə, küçələrdəki narazılığın siyasi nəticələri daha da ciddi ola bilər.

 

QAFQAZ  CƏNUBLU 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az