logo
logo logo
logo

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açıldı - FOTOLAR

18:00 - 02 Noyabr 2026

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açıldı - FOTOLAR

 Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. 


Manset.az xəbər verir ki, əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli birliyindən, Ordumuzun qəhrəmanlığından və əldə olunan tarixi Zəfərdən bəhs olunub. Qeyd edilib ki, bu Qələbənin arxasında Vətən uğrunda canından keçən igid oğullarımızın misilsiz fədakarlığı dayanır.

Tədbirdə şəhid Elvin İmaməliyevin həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Elvin İmaməliyev 9 may 1989-cu ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2006-cı ildə Qırılı kənd orta məktəbini bitirdikdən sonra 2006–2010-cu illərdə Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə təhsil aldığı məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Bilik və bacarığı, əzmkarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində 2019-cu ildə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru təyin olunub və həmin dövrdə rayonun ən gənc məktəb direktorlarından biri olub. 

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri kimi fəaliyyət göstərən Elvin İmaməliyev müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək böyük şücaət göstərib. Bir zamanlar müəllim kimi yetişdirdiyi şagirdlərə nümunə olan Elvin müəllim Vətən müharibəsində də öz qəhrəmanlığı ilə yaddaşlarda əbədi iz qoyub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməsinə görə Elvin İmaməliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə «Vətən uğrunda», «Cəsur döyüşçü» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib. 

Tədbirdə şəhidin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Elvin İmaməliyevin müəllimlik fəaliyyəti, şagirdlərinə göstərdiyi diqqət və qayğı, Vətənə bağlılığı və qəhrəmanlığı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Universitetin rektoru, akademik Kamal Abdulla tədbirdə çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının, onların adlarının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb. 

Şəhidin ailəsinə, doğmalarına, müəllimlərinə və onu tanıyan hər kəsə əziz xatirəsinin daim yaşayacağı bildirilib. Qeyd olunub ki, Elvin İmaməliyevdən yadigar qalan iki oğlu – Təyyar və Tunar atasının adını və xatirəsini yaşadan ən dəyərli əmanətlərdir. 

Tədbir çərçivəsində bədii proqram da təqdim olunub. Şəhid Elvin İmaməliyevin vaxtilə müəllimi olduğu şagird, hazırda Azərbaycan Dillər Universitetinin 220B qrup tələbəsi Mədinə Əliyeva onunla bağlı xatirələrini bölüşüb və Nəriman Həsənzadənin sözlərinə bəstələnmiş «Azərbaycan» mahnısını gitarada ifa edib. Universitetin 314B qrup tələbəsi Aminə Quluyeva «Ey şəhidim» şeirini səsləndirib. 119A qrup tələbəsi Umuş Əmirova şəhid analarına həsr olunmuş «Salam, şəhid anası» şeiri ilə çıxış edib. 426 b qrup tələbəsi Məlahət Mirzəyeva isə «Xudayar təsnifi»ni ifa edib. 

Şəhid Elvin İmaməliyevin ailə üzvləri – anası Rəfiqə İmaməliyeva və Günel İmaməliyeva öz xatirələrini bölüşüb, Elvinin döyüş yolu və tələbəlik illərindən danışıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az