İsveçdə bəzi market şəbəkələrinin soyutma sistemlərinə kibertəhlükə törədilib. Hücum nəticəsində dondurucu və soyuduculardakı ərzaqların xarab olduğu qeyd edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Belçika və Lüksemburgda da bir supermarket şəbəkəsinə məxsus çoxsaylı mağazanın soyuducu və dondurucu qurğularında temperaturun qəfil yüksəlməsi səbəbindən məhsulların sıradan çıxdığı, hadisənin mümkün kibertəhlükə ilə əlaqəli ola biləcəyi bildirilib.
İsveç mətbuatının məlumatına görə, ölkədə, xüsusilə paytaxt Stokholm başda olmaqla bir çox şəhərdə fəaliyyət göstərən bəzi market şəbəkələrinin soyutma sistemləri hədəfə alınıb. Törədilən kibertəhlükə nəticəsində dondurucu və soyuduculardakı temperatur həddindən artıq qaldırılıb.
Ölanddakı "Ica" mağazasının rəsmisi Mats Olsson mətbuata verdiyi açıqlamada soyuduculardakı hava temperaturunun 55 dərəcəyə qədər qaldırıldığını, səhər saatlarında işə gələndə hər yerin su içində olduğunu bildirib.
"Ica" mağazalarının digər filialları da sosial media hesabları vasitəsilə yaydıqları açıqlamalarda soyuduculara qarşı yönəlmiş kibertəhlükə nəticəsində bir çox ərzaq məhsulunun yararsız hala düşdüyünü, dondurulmuş qida təminatında isə çətinliklər yaşadıqlarını vurğulayıblar.
İsveçdəki digər bir market şəbəkəsi olan "Coop" da soyuduculara edilən kibertəhlükədən zərər çəkdiyini açıqlayıb.