Yalovadakı evinin terrasından yıxılaraq həyatını itirən "Güllü" adı ilə tanınan müğənni Gül Tutun ölümü ilə bağlı başlanan istintaq davam edir.
Manset.az-ın türk mediasına istinadən xəbərinə görə, Yalova Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hadisə ilə bağlı bütün iddialar ətraflı araşdırılır.
Hadisə günü evdə Güllü ilə yanaşı qızı və bir dostu olub. Dördüncü bir şəxsin varlığı ilə bağlı iddiaları sübut edən heç bir məlumat və dəlil əldə edilməyib. Müğənninin aparılan otopsiyasında da zorakılıq və ya döyülmə izlərinə rast gəlinməyib.
Güllünün hadisə zamanı alkoqol və ya narkotik maddə təsiri altında olub-olmadığını müəyyən etmək üçün götürülən qan nümunələrinin Bursa Məhkəmə-Tibbi Ekspertiza İdarəsində analizi davam edir.
“Pəncərəni açmaq istəyəndə ayağı sürüşüb yıxılmış ola bilər”
Oğlu Tuğberk Yağız Gülter ifadəsində, hadisə zamanı İstanbuldakı evində yatdığını, bacısı Tuğyan Ülkem Gülterin onu telefonla ağlayaraq oyatdığını bildirib:
“Anam düşdü, təcili yardım buradadır. Tez gəl,” — deyə bacısı ağlayaraq danışıb.
Gülter bildirib ki, evdəki təhlükəsizlik kamerasına onlayn qoşularaq görüntüləri izləmiş və anasının tualetdən çıxdıqdan sonra yüksək səslə roman havası səsləndirdiyini, “Hazırsınız? Hadi qalxın, oynayaq” dediyini eşitmişdir.
Bir dəqiqə sonra isə şüşə səsləri və bacısının “Hay Allah” dediyini eşidib. Bacısı və dostu Sultan çığlıq ataraq evdən çılpaq ayaqla qaçıblar.
“Evin döşəməsi sürüşkəndir, mən də anam da əvvəllər yıxılmışıq. Pəncərələr bel hündürlüyündə və tam açılan sürgülü pəncərələrdir. Məncə anam alkoqolun da təsiri ilə pəncərəni açmaq istəyəndə ayağı sürüşüb yıxılıb. Anamın intihar etdiyini və ya kiminsə onu itələdiyini düşünmürəm. O, sevgi dolu, heç kimlə problemi olmayan biri idi.”
Qızı da eyni cür ifadə verib:
Gül Tutun qızı Tuğyan Ülkem Gülter də anasının roman havası oynayarkən ayağının sürüşdüyünü və açıq pəncərədən yıxıldığını bildirib.
Hadisə 26 sentyabrda Yalovanın Çınarcık rayonunda, Vali Akı Caddəsində yerləşən 5-ci mərtəbədəki evdə baş verib. Müğənni Gül Tutun cənazəsi İstanbulda dəfn olunub.