İbrahim Tatlısəs oğlu Əhməd Tatlısəsə qarşı hədə-qorxu ilə bağlı məhkəmədən qətimkan tədbiri və elektron izləmə cihazı tətbiq etdirib. Əhməd Tatlısəs isə atasına qarşı qaldırdığı qəyyumluq (vəliyət) iddiasını uduzub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə İbrahim Tatlısəsin sağlam olduğunu müəyyən edib. Məşhur sənətçi bu barədə “Mənim var-dövlətimi şübhə altına almaq heç kimin haqqı deyil” – deyə bildirib.
İbrahim Tatlısəsin vəkilləri tərəfindən verilən açıqlamada qeyd olunub ki, “Məhkəmə prosesində Əhməd Tatlısəsin istifadə etdiyi təhqiramiz ifadələrə görə, müvəkkilimizin şəxsi hüquqlarını qorumaq məqsədilə onunla bir araya gəlməsinin qarşısını almaq üçün qoruyucu qərar çıxarılıb.”
Sənətçi vəkili vasitəsilə yaydığı yazılı açıqlamada əlavə edib:
“Son zamanlar bəzi media orqanlarında müvəkkilimiz haqqında həqiqəti əks etdirməyən xəbərlər və şərhlər dərc olunur. Bu açıqlamanın verilməsi ictimaiyyətin düzgün məlumatlandırılması üçün zəruri olub. Məhkəmə tərəfindən müəyyən edilib ki, İbrahim Tatlısəs psixi cəhətdən tam sağlamdır, özünə baxa bilir və qayğıya və ya müdafiəyə ehtiyac duymur.”