Bursada üç övladını qətlə yetirən ata hakim qarşısına çıxıb. O, ifadəsində uşaqlarını necə öldürdüyünü xatırlamadığını iddia edərək, “Bu, özümü tamamilə itirməyimlə bağlı bir hal idi” deyib.
Manset.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, 3 dəfə ağırlaşdırılmış ömürlük həbs tələbi irəli sürülən təqsirləndirilən Murat Kılıç, Bursa 8-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesə fiziki gətirilmədən video bağlantı ilə qatılıb.
Müdafiəsində Kılıç bildirib ki, həyat yoldaşı ilə boşanma ərəfəsində olduqları üçün qadın uşaqları götürüb ailəsinin evinə qayıdıb. Bir müddət sonra uşaqları yenidən Bursaya gətirdiyini deyən Kılıç, e-Devlet üzərindən həyat yoldaşının ona qarşı 5 ayrı məhkəmə iddiası qaldırdığını gördükdən sonra psixoloji sarsıntı yaşadığını və həmin an nə etdiyini xatırlamadığını iddia edib:
“Verdiyim ilkin ifadəni belə xatırlamıram. Bir ata üç uşağını öldürməz. Mən onların öldüyündən belə xəbərsiz olmuşam. Yengəm zəng edəndə ‘Uşaqlar nə edir?’ dedi. Mən də ‘Hər halda evdədirlər… Mən uşaqlara nəsə etmişəm’ dedim.”
Hadisədən əvvəl telefonuna Hz. İbrahimin oğlunu qurban etməsi ilə bağlı ayələrin göndərilməsi barədə sualı cavablandıran Kılıç bildirib:
“Bu, mənim özümü tamamilə itirməyimlə əlaqəli bir hal idi. Mən belə mistik şeylərə inanmıram. Dinimə bağlıyam, amma bu cür hadisələri qəbul etmirəm. Mənə haqsızlıq edildiyi üçün özümü itirmişəm.”
Məhkəmə heyəti onun həbsdə saxlanılması barədə qərarı qüvvədə saxlayıb və iş üzrə çatışmazlıqlar aradan qaldırılana qədər proses təxirə salınıb.