Çinin Tiangonq Kosmik Stansiyasında 6 aylıq vəzifələrini başa vuran astronavtlar, dönüş kapsülündəki pəncərəyə kosmik zibildən bir parça çarpması nəticəsində yaranan çatlaq səbəbilə kosmosda 9 gün ilişib qaldıqdan sonra Yerdəki vətənlərinə qayıdıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Tiangonq Kosmik Stansiyasında 6 aylıq missiyalarını tamamlayan və yeni komandanın gəlməsindən 4 gün sonra geri dönməsi planlaşdırılan üç astronavtın dönüş tarixi, Şençjou-20 kosmik gəmisi ilə gerçəkləşən geri dönüş kapsülündəki pəncərəyə kosmik zibildən bir hissənin çarpması ilə yaranan çatlaq səbəbilə 9 gün təxirə salınıb. Çən Donq, Çən Conqrui və Van Cie adlı astronavtlardan ibarət olan ekipaj, Şençjou-21 kosmik gəmisi ilə yerə qayıdıb. Astronavtlar, Çinin şimal-qərbində yerləşən Daxili Monqolustanın bir bölgəsinə enib və burada tibb heyəti tərəfindən qarşılanıblar. Kapsülün yerə enməsindən sonra aparılan ilkin yoxlamada, astronavtların sağlamlığının yaxşı olduğu bildirilib.
Çin İnsanlı Kosmik Agentliyi (CMSA) hadisə ilə bağlı ilk açıqlamasını verib. Şençjou-20 kosmik gəmisinin dönüş kapsülünün kiçik pəncərəsində "kiçik çatlaqların" meydana gəldiyi qeyd edilən açıqlamada, "Kapsül, insanlı geri dönüş üçün təhlükəsizlik tələblərini qarşılamır. Şençjou-20 orbitdə qalacaq və müvafiq təcrübələri həyata keçirəcək" deyilib.