Avropada 14 ölkəni əhatə edən genişmiqyaslı bir səhiyyə qalmaqalı üzə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, xərçəngin inkişafının qarşısını alan TP53 genində ölümcül mutasiya daşıyan bir sperm donoru vasitəsilə təxminən 200 uşaq dünyaya gəlib. Avropa Yayım Birliyinin (EBU) rəhbərliyi ilə aparılan araşdırma hadisələrin bütün qitəyə yayıldığını, eləcə də bəzi uşaqların artıq həyatını itirdiyini ortaya qoyub.
Avropada yüzlərlə ailə, xərçəng riski daşıyan spermlə doğulan övladları barədə həqiqəti illər sonra öyrənib. 14 ölkəni əhatə edən qalmaqalın mərkəzində dayanan məsələ - ölümcül mutasiya daşıyan bir donorun sperminin nəzarətsiz şəkildə istifadəsi nəticəsində təxminən 200 uşağın dünyaya gəlməsidir.
Hadisə Avropanın tibbi nəzarət sistemlərinin effektivliyi ilə bağlı ciddi suallar yaradıb və məsələnin genişmiqyaslı hüquqi araşdırmaya səbəb olacağı gözlənilir.