Almaniyanın Şimali Reyn–Vestfaliya federal əyalətində yerləşən Gelsenkirxen şəhərində Noel tətilindən istifadə edən naməlum oğrular bank soyğunçuluğu həyata keçiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir, "Noel bayramı" günlərində kinofilmləri xatırladan bir hadisə baş verib. Gelsenkirxen şəhərində fəaliyyət göstərən bir əmanət bankı bayram tətili zamanı qarət olunub. Polisin məlumatına görə, oğrular əvvəlcə Buer rayonunda yerləşən bir avtomobil dayanacağının alt qatındakı tuneldən istifadə edərək bankın zirzəmi mərtəbəsinə qədər irəliləyiblər. Daha sonra isə divarı qazma qurğusu ilə deşərək seyflərin yerləşdiyi hissəyə daxil olublar. Şəxsi əşyaların və vəsaitlərin saxlandığı seyfləri açan cinayətkarlar götürdükləri pullarla hadisə yerindən uzaqlaşıblar.
Hadisə barədə polis yerli vaxtla saat 03:58-də yanğın siqnalının işə düşməsindən sonra bankaya gələn yanğınsöndürmə xidmətinin verdiyi məlumat əsasında xəbər tutub. Peşəkar olduqları bildirilən oğruların, bankın seyf sahəsinə çatmaq üçün divarı deşərkən yaranan istilik və tozun yanğın siqnalını işə sala biləcəyini nəzərə alaraq ətrafa su püskürtdükləri müəyyən edilib.
Gelsenkirxen polisi Almaniya mətbuatına açıqlamasında bildirib ki, cinayətkarların texniki biliklərə malik olduqları ehtimal edilir. İstifadə olunan qazma ucunun adi tikinti ləvazimatları mağazasından əldə edilən növdə olmadığı vurğulanıb. Bundan əlavə, soyğunçuluğun məhz Noel tətili dövrünə salınması hadisənin əvvəlcədən planlaşdırılmış cinayət olduğunu göstərir.