Türkiyənin Samsun şəhərində üşüdükləri üçün bir evə girərək təxminən 50 min lirə dəyərindəki televizoru oğurladıqları iddia edilən şəxslər polis tərəfindən tutulub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Atakum rayonunun İncesu Yalı Mahalləsində sahibi İstanbulda yaşayan bir evin giriş qatında baş verib. Əldə edilən məlumata görə, 27 yaşlı Dursun A. və 31 yaşlı Nefise G.N.E. evin pəncərəsini sındıraraq içəri girib və 50 min lirə dəyərindəki televizoru oğurlayıblar.
Samsun Polis İdarəsi Asayiş Şöbəsi Cinayət Şöbəsi Oğurluq Bürosunun əməkdaşları apardıqları izləmə və araşdırmalar nəticəsində oğurluq hadisəsini evdən və iş yerlərindən oğurluq və dələduzluq cinayətlərindən 10 cinayət qeydi olan Dursun A. ilə qəsdən xəsarət yetirmək, təhdid və təhqir cinayətlərindən 7 ayrı cinayət qeydi olan Nefise G.N.E.-nin törətdiyini müəyyən ediblər.