Türkiyənin Adana şəhərində içərisində 39 sərnişin olan avtobusun alovlanması nəticəsində güclü yanğın baş verib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, hadisə nəticəsində avtobus tamamilə istifadəyə yararsız hala gəlib.
Yanğın Pozantı-Adana yolunun Akçatekir yamacında meydana gəlib. Adanadan Kayseri istiqamətinə gedən 39 sərnişini olan avtobusun mühərrik hissəsindən alov qalxıb. Avtobus sürücüsü tüstünü görərək nəqliyyat vasitəsini təhlükəsizlik zolağına çəkib və sərnişinləri dərhal təxliyə edib.
Bir neçə dəqiqə ərzində avtobusun bütün hissələrini alov bürüyüb. Yanğın avtomobil yolunun kənarındakı kolluğa da yayılıb. Hadisə barədə məlumat verildikdən sonra Adana və Mersindən yanğınsöndürənlər hadisə yerinə cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.