İspaniya hökuməti ilə Katolik Kilsəsi arasında əldə edilən razılaşma nəticəsində, kilsə daxilində baş verən cinsi zorakılıq hallarında zərər çəkənlərə ödəniləcək təzminatların tamamilə Katolik Kilsəsi tərəfindən qarşılanacağı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyada sol koalisiya hökuməti ilə Katolik Kilsəsi arasında cinsi zorakılıq qurbanlarına təzminat ödənməsi məsələsində mühüm bir razılaşma əldə edilib. İspan mətbuatında "tarixi" olaraq qiymətləndirilən bu razılaşmaya əsasən, Kilsə daxilində baş verən zorakılıq hadisələrinin qurbanlarına ödəniləcək təzminat xərcləri tamamilə Katolik Kilsəsi tərəfindən qarşılanacaq.
Sazişə Ədalət Naziri Felix Bolanos, Katolik Kilsəsinin ən yüksək nümayəndəsi olan Yepiskoplar Konfransiyasının rəhbəri Luis Argüello və İspaniya Dinlər Konfransiyasının rəhbəri Jesus Diaz Sariego imza atıb. Razılaşma çərçivəsində, hüquqi yolları bağlanmış qurbanlar da təzminat hüququndan yararlanacaq.
Razılaşmaya görə, Katolik Kilsəsindəki cinsi zorakılıq müraciətlərini Ombudsman qiymətləndirəcək. Hər bir hadisə ayrıca araşdırılacaq, qurbanın zərər çəkdiyi tanınacaq və uyğun təzminat məbləği ilə bağlı təklif hazırlanacaq. Tərəflər arasında razılaşma əldə olunmadığı halda, son qərarı Ombudsman verəcək.