Nobel mükafatı sahibi,türk alim Prof. Aziz Sancar və onun rəhbərlik etdiyi elmi qrup ölümcül beyin xərçənginin müalicəsi istiqamətində mühüm uğura imza atıb.
Manset.az xəbər verir ki, alimlərin apardığı tədqiqatlar nəticəsində beyin xərçənginin ağır növlərindən birinin müalicəsi üçün yeni üsul hazırlanıb. Sözügedən metod siçanlar üzərində sınaqdan keçirilib və uğurlu nəticələr əldə olunub.
Araşdırmalar zamanı kimyaterapiya dərmanı ilə birlikdə istifadə olunan EdU adlı kimyəvi maddənin beyinə effektiv şəkildə daxil olduğu müəyyən edilib. Bu maddənin şiş hüceyrələrini məhv etdiyi, eyni zamanda sağlam beyin toxumasına zərər vermədiyi aşkar olunub.
Mütəxəssislər bildiriblər ki, bu üsul gələcəkdə beyin xərçənginin müalicəsində yeni və daha təhlükəsiz yanaşmanın əsasını qoya bilər. Tədqiqatın növbəti mərhələlərində metodun insanlar üzərində tətbiq imkanlarının araşdırılması planlaşdırılır.