Yunanıstanda qrip hadisələrinin artması xəstəxanalarda sıxlığın yaranmasına səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son bir həftə ərzində 8 nəfərin bu xəstəlik səbəbilə həyatını itirdiyi bildirilir. Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, ölkə üzrə qrip epidemiyası təsirini artırır, xüsusilə, təcili yardım xidmətlərinə müraciət edənlərin sayı diqqət çəkəcək dərəcədə yüksəlib.
Atina şəhərindəki "Agia Sofia" Uşaq Xəstəxanasında yalnız bir neçə saat ərzində 160-dan çox uşaq müayinədən keçirilib, "Laiko" Xəstəxanasına isə 250-dən çox, "Sotiria" Xəstəxanasına isə 100-dən çox xəstə, tənəffüs yolları infeksiyası və qrip şikayəti ilə müraciət edib.
Milli Dövlət Sağlamlıq Təşkilatı (EODY) isə əksər sağlam insanların qripi yüngül keçirdiyini, lakin risk qrupundakı şəxslərdə ciddi fəsadların baş verə biləcəyini açıqlayıb.