ABŞ İrana münaqişənin həlli üçün beş şərt irəli sürdü

16:37 - 17 May 2026

ABŞ İrana münaqişənin həlli üçün beş şərt irəli sürdü

Vaşinqton İranın tələblərinə cavab olaraq, iki ölkə arasındakı münaqişənin tənzimlənməsi prosesinin davam etdirilməsi üçün Tehrana özünün beş şərtini təqdim edib.


Manset.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

ABŞ administrasiyası hesab edir ki, bu addımlar danışıqlar üçün mütləqdir.

Agentliyin məlumatına əsasən, Birləşmiş Ştatlar İran ərazisinin bombardman edilməsi zamanı dəymiş ziyana görə hər hansı təzminat ödəməkdən qəti şəkildə imtina edir. Bundan əlavə, Vaşinqton 400 kq zənginləşdirilmiş uranın İrandan ABŞ-yə daşınmasını və İslam Respublikasının ərazisində fəaliyyət göstərən yalnız bir nüvə obyektinin saxlanılmasını tələb edir.

"Fars" agentliyinin bildirdiyinə görə, Birləşmiş Ştatlar dondurulmuş İran aktivlərinin 25 faizindən çoxunu sərbəst buraxmaq niyyətində deyil. Eyni zamanda bəyan edilir ki, bütün cəbhələrdə müharibənin dayandırılması məsələsi bilavasitə danışıqlar zamanı həll olunmalıdır.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az