Günəş sisteminin formalaşmasının ilk mərhələlərinə işıq salan nadir meteorit milyardlarla il əvvəl məhv olmuş, Ay ölçüsündə qədim bir planetin mövcudluğunu ilk dəfə qəti şəkildə təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, səhra çölündə aşkar edilmiş nadir kosmik qaya parçası Günəş sisteminin təxminən 4,5 milyard il əvvəlki yaranma prosesi ilə bağlı indiyədək qəbul olunmuş təsəvvürləri dəyişdirə biləcək mühüm həqiqəti üzə çıxarıb.
Alimlər “NWA 12774” adlandırılan və təxminən yarım kiloqram çəkisi olan meteoriti tədqiq edərkən, Günəş sisteminin ilkin dövrlərində mövcud olmuş, lakin sonradan tamamilə yoxa çıxmış nəhəng bir planetə dair ilk qəti sübutlar əldə ediblər.
Aparılmış kimyəvi təhlillər göstərib ki, bu itmiş planet Günəş sisteminin yaranmasından cəmi bir neçə milyon il sonra mövcud olub. Araşdırma nəticələri həmin səma cisminin planetlərin formalaşması prosesində indiyədək məlum olan modellərdən fərqli inkişaf yolu keçdiyini ortaya qoyub.
Mütəxəssislərin fikrincə, bu tapıntı Günəş sisteminin erkən təkamül mərhələlərinin daha dərindən öyrənilməsi və planetlərin yaranma mexanizmlərinin yenidən qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.