İsrailin Baş naziri Binyamin Netanyahu Livandakı qarşıdurmalar zamanı 4 israilli əsgərin həlak olmasından sonra açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, İsrail ordusuna Hizbullah mövqelərinə güclü zərbələr endirilməsi barədə göstəriş verib. Onun sözlərinə görə, əməliyyatlar çərçivəsində 80-dən çox hədəf vurulub, onlarla silahlı zərərsizləşdirilib. O, həmçinin səhər saatlarında Beka bölgəsində Hizbullahın qərargahlarının hədəfə alındığını qeyd edib.
Baş nazir müdafiə naziri və Baş Qərargah rəisi ilə vəziyyəti dəyərləndirdiyini də vurğulayıb.
Netanyahu sərt mesaj verərək deyib: “İsrail nə hərbçilərimizə, nə də ərazilərimizə qarşı hücumları qəbul etməyəcək və Hizbullah bu hücumların çox ağır bədəlini ödəyəcək”.
O, İsrail ordusunun istənilən təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçəcəyini bildirib.
Netanyahu həmçinin İsrailin Livandakı mövcudluğuna işarə edərək, “Dünən də daxil olmaqla açıq şəkildə bildirdiyim kimi, İsrail şimaldakı yaşayış məntəqələrini qorumaq üçün Livanın cənubundakı təhlükəsizlik zonasında lazım olduğu müddətcə qalacaq” - deyib.