Yunanıstanın bir çox adasında su ehtiyatlarının sürətlə azalması səbəbindən ən azı 12 adada fövqəladə vəziyyət elan olunub.
Manset.az xəbər verir ki, Yunanıstan mətbuatının yaydığı məlumata görə, turistik adaların da daxil olduğu bölgələrdə quraqlıq, artan su istehlakı və mövcud infrastrukturun tələbatı qarşılaya bilməməsi su mənbələri üzərində ciddi təzyiq yaradıb.
Yunanıstanın Ətraf Mühit və Su Ehtiyatları üzrə Baş katibi Petros Varelidis bildirib ki, su çatışmazlığı bir çox ada üçün müvəqqəti deyil, artıq daimi problemə çevrilib. O, yeni turizm layihələrinin planlaşdırılması zamanı mövcud su və infrastruktur imkanlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.
Varelidisin sözlərinə görə, bəzi adalarda içməli su şəbəkələrində itkilər 60 faizə qədər yüksəlib. Bu səbəbdən yeni obyektlərin tikintisindən əvvəl su infrastrukturunun yenilənməsinə üstünlük verilməlidir.
Zəlzələlərin Planlaşdırılması və Mühafizəsi Təşkilatının (OASP) rəhbəri Eftimios Lekkas isə dəniz suyunun yeraltı su mənbələrinə qarışması riskinin artdığını bildirib. Onun sözlərinə görə, bu vəziyyət bəzi bölgələrdə şirin su ehtiyatlarını ciddi təhlükə altına salır.