Fransada həddindən artıq istilər davam edərkən həftəsonundan bu yana sərinləmək məqsədilə suya girən 13 nəfərin boğularaq həyatını itirdiyi bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yerli mətbuatın ölkənin böhran idarəçiliyinə cavabdeh olan Milli Mülki Təhlükəsizlik Qurumunun sözçüsü Jerom Bulanjerin açıqlamalarına istinadən yaydığı xəbərlərə görə, ölkə üzrə rekord səviyyədə istilər təsirini davam etdirir.
Bulanjer həddindən artıq isti hava şəraiti səbəbindən Fransada həftəsonundan bu yana 13 nəfərin boğularaq öldüyünü açıqlayıb.
O, həmçinin həlak olanlardan birinin Puatye şəhərində 17 yaşlı yeniyetmə, digərinin isə Sen-et-Marn bölgəsində 13 yaşlı uşaq olduğunu bildirib.
Fransa Milli Meteorologiya Xidməti ölkə üzrə xəbərdarlıq səviyyəsinin 49 bölgədə “qırmızı”, 40 bölgədə isə “narıncı” səviyyəyə yüksəldiyini açıqlayıb.
Digər tərəfdən, Fransa Milli Təhsil Nazirliyinin qərarı ilə bu gün 845 məktəbdə tədris dayandırılıb.