Almaniyada kiçik mühərrikli təyyarənin tarlaya düşməsi nəticəsində baş verən qəzada 2 nəfər həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə günorta saatlarında Polhaym qəsəbəsinin Vatsenborn-Ştaynberq hissəsində qeydə alınıb. Pərli təyyarənin qəzaya uğraması barədə məlumat daxil olduqdan sonra hadisə yerinə polis və yanğınsöndürmə briqadaları göndərilib.
Qəza zamanı təyyarədə olan 69 yaşlı pilot və 56 yaşlı sərnişin ağır vəziyyətdə dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılsalar da, həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda qeyd olunub ki, təyyarə taxıl sahəsinə düşdüyündən qalıqlar yaşayış məntəqələri üçün təhlükə yaratmayıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.