İngiltərədə ilk dəfə süni intellekt tərəfindən hazırlanmış məhkəmə işi qalibiyyətlə nəticələnib.
Manset.az xəbər verir ki, İnsan resursları üzrə məsləhətçi kimi çalışan şəxs ala bilmədiyi 7 min funt sterlinq borcunu geri almaq üçün süni intellekt hüquq şirkətinə təxminən 400 funt ödəyərək hüquqi dəstək alıb.
Vəkillərin Tənzimlənməsi Qurumu (SRA) tərəfindən təsdiqlənmiş süni intellekt sistemi məhkəməyə qədərki bütün hüquqi hazırlıq işlərini həyata keçirib, şahid ifadələri və sənədləri hazırlayıb. Məhkəmədə isə müdafiə insan vəkil tərəfindən təqdim olunub.
Wandsworth Rayon Məhkəməsi iddiaçını haqlı hesab edərək alacağın ödənilməsinə qərar verib.
Süni intellekt hüquq şirkətinin həmtəsisçisi Philip Young bu qərarı ədalətə çıxış baxımından tarixi hadisə adlandırıb. Məhkəmədə çıxış edən vəkil Dominic Li isə qeyd edib ki, süni intellekt hüquqi hazırlıqda effektiv olsa da, məhkəmə zalında nitq, inandırıcılıq və müdafiə hələ də insan amilindən asılıdır.