Çində məhkəmə təxminən 30 il ərzində 2,2 milyard yuandan (təxminən 520 milyon manat) artıq məbləğdə rüşvət almaqda təqsirli bilinən Tsyansu əyalətinin inzibati mərkəzi Nankin şəhərinin sabiq rəhbər şəxslərindən Yan Yolini edam cəzasına məhkum edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tsyansu əyalətinin Çançjou şəhərində yerləşən məhkəmənin yaydığı qərarda bildirilir ki, 69 yaşlı Yan Yolin Nankin İqtisadi və Texnoloji İnkişaf Bölgəsi İnzibati Komitəsinin sabiq icraçı sədr müavini olub.
Qərara əsasən, Yan Yolin 1993–2023-cü illər ərzində Nankində tutduğu müxtəlif vəzifələrdən istifadə edərək layihələrin tenderləri, kommersiya fəaliyyəti, torpaq sahələrinin ayrılması və maliyyələşdirmə əməliyyatları zamanı ayrı-ayrı şəxslərə qanunsuz üstünlüklər yaradıb. Bunun müqabilində o, ümumilikdə 2,2 milyard yuandan artıq məbləğdə rüşvət alıb.
Məhkəmə Yan Yolini rüşvət alma, dövlət vəsaitlərini mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) cinayətlərində təqsirli bilib.
Qərara əsasən, Yan Yolin rüşvət alma cinayətinə görə edam cəzasına məhkum edilib. Həmçinin onun ömürlük siyasi hüquqlardan məhrum edilməsi və bütün şəxsi əmlakının dövlət nəfinə müsadirə olunması barədə hökm çıxarılıb.