Rusiyanın cənubunda yerləşən Krasnodar və Nevinnomıssk şəhərlərində "Wildberries" elektron ticarət platformasına məxsus logistika mərkəzləri ardıcıl pilotsuz uçuş aparatı (PUA) hücumlarının hədəfinə çevrilib. Hücumlar nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Wildberries" şirkətinin təsisçisi və baş icraçı direktoru Tatyana Kimin yazılı açıqlamasına görə, gecə saatlarında Krasnodar və Nevinnomıssk şəhərlərində yerləşən iki logistika mərkəzinə hücum edilib.
Onun sözlərinə görə, əməkdaşlar qısa müddətdə təhlükəsiz əraziyə təxliyə olunublar. İlkin məlumata əsasən, xəsarət alanlar var və onlara zəruri yardım göstəriləcək.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev isə bildirib ki, bölgə gecə ərzində intensiv PUA hücumuna məruz qalıb. O qeyd edib ki, Krasnodardakı "Wildberries" logistika mərkəzində 10 nəfər yaralanıb.