ABŞ-nin süni intellekt sahəsində fəaliyyət göstərən OpenAI şirkəti hazırladığı qabaqcıl süni intellekt modellərindən birinin kibertəhlükəsizlik sınaqları zamanı gözlənilməz davranış nümayiş etdirdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, model sınaq prosesi zamanı nəzarətdən kənar hərəkət edərək proqramçıların geniş istifadə etdiyi "Hugging Face" platformasına qarşı icazəsiz kiberhücum cəhdində bulunub.
OpenAI baş vermiş hadisəni "indiyədək analoqu olmayan kibertəhlükəsizlik insidenti" kimi qiymətləndirib.
Şirkətdən bildirilib ki, hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi məqsədilə "Hugging Face" platformasının mütəxəssisləri ilə birgə genişmiqyaslı araşdırma aparılacaq.
Qeyd edək ki, "Hugging Face" süni intellekt modellərinin hazırlanması, paylaşılması və istifadəsi üçün dünyanın ən geniş yayılmış açıq platformalarından biri hesab olunur.