İqlim böhranının ən kəskin hiss olunduğu Afrikada dözülməz istilər və uzanan quraqlıq dövrü ən çətin təbii şəraitə davamlılığı ilə tanınan dəvələrin həyatını təhlükə qarşısında qoyub. Həddindən artıq yüksək temperatur heyvanların xəstələnməsinə və kütləvi şəkildə tələf olmasına səbəb olur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən isti və quraq bölgələrindən biri hesab edilən Efiopiyanın Afar bölgəsində dəvələrin qızmar günəş altında yaşadığı çətinliklər iqlim böhranının miqyasını bir daha ortaya qoyur. Uzun illərdir dəvəçiliklə məşğul olan yerli sakinlər indiyədək belə şiddətli istilərlə qarşılaşmadıqlarını bildirirlər.
Yüksək temperatur səbəbindən heyvanların ayaqlarında qabarcıqlar yaranır, gözləri sulanır və dəriləri yanır. Dəvələr qısa müddət ərzində zəifləyir. Son dövrlərdə yeni doğulan balaların bir-bir tələf olması vəziyyətin nə qədər ağır olduğunu göstərir.
Əvvəllər sərinlik gətirən küləklərin belə artıq isti hava daşıdığı bölgədə heyvandarlıq getdikcə daha çətin və dayanıqsız hala gəlir.
BBC-nin məlumatına görə, Afrikada müşahidə olunan bu dəyişikliklər elmi araşdırmalarla da təsdiqlənir. Dözümlülüklərinə görə digər təsərrüfat heyvanları ilə müqayisədə daha çox üstünlük verilən təkhörgüclü dəvələr artan temperatur fonunda bədən istiliyini tənzimləməkdə çətinlik çəkirlər. Alimlərin fikrincə, iqlim şəraitinin sürətlə dəyişməsi bu heyvanların belə ekstremal mühitlərə uyğunlaşma imkanlarını məhdudlaşdırır.