Kanada ABŞ ilə ticarət gərginliyinin artdığı bir vaxtda "Gordie Howe" Beynəlxalq Körpüsünün açılışını ABŞ rəsmilərinin iştirakı olmadan qeyd edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ontario ştatının Vindzor şəhəri ilə ABŞ-ın Miçiqan ştatındakı Detroyt şəhərini birləşdirən körpü cümə günü yalnız Kanada tərəfinin iştirakı ilə açılış mərasimi keçirəcək. Kanada hökuməti əvvəlcədən planlaşdırılan birgə sərhədyanı lentkəsmə mərasimini ləğv edib.
Məlumata görə, körpü bazar ertəsi nəqliyyatın istifadəsinə veriləcək. Qərarın ABŞ Prezidenti Donald Trampın Kanadaya qarşı yeni 50 faizlik gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı hədələri fonunda qəbul edildiyi bildirilir.
Qeyd olunur ki, iki ölkə arasında ticarət danışıqlarının gərginləşməsi və Trampın Kanadaya qarşı sərt açıqlamaları adətən təntənəli şəkildə keçirilən açılış mərasimini kölgədə qoyub.
Bundan əlavə, Tramp və bəzi amerikalı siyasətçilər Kanadanı Ontario əyalətində baş verən meşə yanğınlarının tüstüsünün ABŞ ərazisinə yayılması ilə bağlı da tənqid ediblər.
Kanadalı əfsanəvi hokkeyçi Gordie Hounun adını daşıyan, dəyəri 4,7 milyard dollar olan körpünün maliyyələşdirilməsi Kanada tərəfindən həyata keçirilib. 2018-ci ildə tikintisinə başlanılan layihə Detroit çayı üzərində yerləşən mövcud "Ambassador" körpüsünə alternativ olaraq nəzərdə tutulub.