Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Kiyev vilayətinə raket hücumu həyata keçirdiyini bildirib. Ukrayna lideri ilkin məlumatlara görə hücum nəticəsində 6 nəfərin öldüyünü, onlarla insanın yaralandığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti bölgədə axtarış-xilasetmə işlərinin başladığını bildirərək, hücum nəticəsində ilkin məlumata əsasən 6 nəfərin həyatını itirdiyini və onlarla şəxsin xəsarət aldığını açıqlayıb.
Zelenski Kiyev vilayətinə endirilən zərbələrlə bağlı araşdırmaya başlanıldığını da vurğulayıb.
Ukrayna lideri Rusiyanın Donetsk vilayətinin Slovyansk şəhərini də idarəolunan bombalarla hədəfə aldığını bildirib. Onun sözlərinə görə, həmin hücum nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Zelenski şəhərdə yaşayış binalarının və konsulluq binasının zərər gördüyünü qeyd edib. O, açıqlamasında bildirib:
“İnsanlara qarşı törədilən bu vəhşi hücumlara görə ruslar məsuliyyət daşımalıdır. Rusiya artıq uzun müddətdir ki, heç bir beynəlxalq normanı və heç bir humanitar dəyəri nəzərə almır. Onlar yalnız qətlləri davam etdirməklə maraqlanırlar”.