Cənubi Koreyanın paytaxtı Seulda havanın temperaturunun gündüz saatlarında 38 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar şəhərdə tarixdə ilk dəfə ən yüksək səviyyəli isti hava xəbərdarlığı elan olunub.
Yonhap agentliyinin yaydığı məlumata görə, mayın 15-dən etibarən iki nəfərin ölümünə səbəb olan isti hava dalğası Seulda təsirini davam etdirir.
Gündüz saatlarında temperaturun 38 dərəcəyədək yüksələcəyi gözlənilən şəhərin cənub-şərq və cənub-qərb hissəsində yerləşən 11 rayon üzrə ən yüksək səviyyəli xəbərdarlıq qüvvəyə minib.
Qeyd olunub ki, Cənubi Koreyanın temperatur xəbərdarlığı sisteminə iyunun 1-də daxil edilən "şiddətli isti hava dalğası" səviyyəsi Seul üçün ilk dəfə tətbiq edilir.
Seulda mayın 15-dən bu yana həddindən artıq isti hava ilə əlaqədar səhhətində problem yarananların sayı ötən gün daha 18 nəfərin qeydə alınması ilə 185 nəfərə çatıb.
Şəhər üzrə sosial obyektlər də daxil olmaqla, təxminən 4 min məntəqə sakinlərin istidən qorunması üçün sığınacaq kimi müəyyənləşdirilib.
Cənubi Koreyanın Daxili İşlər Nazirliyi də vətəndaşlara zərurət olmadıqca açıq havaya çıxmamağı, sərin məkanlarda qalmağı və bol maye qəbul etməyi tövsiyə edib.