İtaliyada 1 milyon avro (təxminən 1,94 milyon manat) dəyərində uduş biletini səhvən zibilə atan şəxs təmizlik işçilərinin sayəsində böyük mükafatını geri əldə edib.
Manset.az xəbər verir ki, hadisə ölkənin cənubundakı Bitonto şəhərində baş verib. Adı açıqlanmayan şəxs lotereya biletini mağazada yoxlatdırarkən sistemdə ödənişin mümkün olmadığı barədə xəbərdarlıq aldıqdan sonra bileti zibilə atıb. Sonradan ailəsi onun daim oynadığı nömrələrin qalib gəldiyini bildirəndə səhvini anlayıb.
Bundan sonra tullantıların idarə olunması şirkətinin əməkdaşları zibil maşınındakı tullantılar arasında iki gün axtarış aparıblar. Xoşbəxtlikdən maşın hələ preslənmədiyi üçün bilet salamat qalıb.
Qalib bilet sonda təmizlik işçiləri tərəfindən tapılıb. Axtarış əməliyyatının xərclərinin isə bilet sahibinin ödəyəcəyi bildirilib.