"Gələcəyə miras" layihəsi çərçivəsində Türkiyənin qədim Aspendos şəhərində aparılan arxeoloji qazıntılar zamanı sağlamlıq tanrısı Asklepios və onun oğlu, şəfanın rəmzi sayılan Telesforu təsvir edən 2,20 metr hündürlüyündə mərmər heykəl qrupu aşkar edilib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında paylaşım edib.
Bildirilib ki, Roma dövrünə aid olan artefakt Aspendosun Teatr küçəsində, Şərq Meydanının qərb tərəfində yerləşən Monumental Qapının şimal qanadının qalıqları arasında aşkarlanıb.
Mütəxəssislərin fikrincə, eramızın II əsrinin son rübünə aid olan heykəltəraşlıq qrupu Roma dövrü Aspendosunda sağlamlıq və şəfa kultlarının şəhər həyatındakı rolunu öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunur ki, əsər yüksək bədii işlənməsi və xəstəliyin müalicəsindən tam sağalmaya qədər olan prosesi əks etdirən ikonoqrafik kompozisiyası ilə diqqət çəkir.