ABŞ-nin Şimali Karolina ştatında bir evdə silahlı insident baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, silahlı insident nəticəsində hücumçunun da daxil olduğu eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə yaralanıb.
Hadisə Şimali Karolina ştatının Kasuell dairəsinə aid Prospekt-Hill qəsəbəsində yerli vaxtla dünən saat 08:00 radələrində baş verib. Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hadisə yerinə baxış keçirən əməkdaşlar evdə üç nəfərin meyitini aşkar ediblər. Silahla yaralanan bir nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra Dyuk Universiteti Xəstəxanasına çatdırılıb.
Kasuell dairəsinin şerifi Toni Dörden bildirib ki, hadisədə iştirak edən şəxslərin hamısı yetkin yaşda olub və eyni ailənin üzvləridir.
Şerifin sözlərinə görə, həyatını itirən üç nəfərdən biri silahlı hücumu törətməkdə şübhəli bilinən şəxsdir. O qeyd edib ki, hadisə evin daxilində baş verdiyindən əhali üçün hər hansı təhlükə mövcud deyil.
Səlahiyyətli qurumlar ailə ilə bağlı bundan əvvəl hüquq-mühafizə orqanlarına hər hansı şikayətin daxil olmadığını açıqlayıblar. Hazırda hadisə yerində sübutların toplanması və istintaq tədbirləri Şimali Karolina Ştat İstintaq Bürosunun əməkdaşları tərəfindən davam etdirilir.