Zimbabvenin Kariba gölündə sərnişin bərəsinin aşması nəticəsində azı 15 nəfər həyatını itirib, 27 nəfər isə itkin düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə avqustun 11-də RIDA-ya məxsus “Mbuya Nehanda” adlı bərənin Kariba şəhərindən Çalala istiqamətində hərəkəti zamanı baş verib. Bərə Lonq-Aylend yaxınlığında göldə aşıb.
İlkin məlumatlarda gəmidə 90 sərnişin və 5 heyət üzvünün olduğu bildirilsə də, sonradan sərnişinlərin sayının daha çox olduğu müəyyənləşib. Zimbabvenin Mülki Müdafiə Bölməsinin məlumatına əsasən, bərədə bilet satışı üzrə qeydiyyata alınmış 114 yetkin sərnişin və 5 heyət üzvü olub. Bununla yanaşı, bərədə bilet tələb olunmayan yaş qrupuna aid uşaqların da ola biləcəyi bildirilir.
Xilasedicilər qəza nəticəsində 77 nəfəri sağ çıxarıb. Xilas edilən şəxslərin göldəki kiçik adalardan birinə aparıldığı, daha sonra sahilə çatdırılması üçün qayıqlardan istifadə edildiyi açıqlanıb. Axtarış-xilasetmə işlərinə sualtı qruplar da cəlb olunub.
Hadisənin səbəbləri hələlik tam müəyyənləşdirilməyib. Bununla belə, yerli nümayəndələrin açıqlamalarında bərənin tutumundan artıq sərnişin daşıdığına diqqət çəkilir. Rəsmi məlumata görə, gəminin sərnişin tutumu 90 nəfər olub.