Texnologiya nəhəngi "Google" süni intellektin smartfonlardan istifadə vərdişlərini kökündən dəyişəcəyinə inanır. Şirkətin məqsədi istifadəçilərin hər bir əməliyyat üçün cihazlarını daim idarə etməsinə ehtiyac qalmadığı, verilən tapşırıqları müstəqil şəkildə yerinə yetirən rəqəmsal köməkçilər hazırlamaqdır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Google" şirkətinin Android ekosisteminə cavabdeh rəhbəri Sameer Samat şirkətin smartfonların gələcəyinə dair baxışını bölüşüb. O, insanların hazırda günün böyük hissəsini başlarını telefonlarına əyərək keçirdiyini bildirib və yeni nəsil süni intellekt sistemlərinin istifadəçilərə hər gün 10-30 dəqiqə vaxt qazandıra biləcəyini vurğulayıb.
Gələcəyin Android sistemində istifadəçilər yalnız nə etmək istədiklərini və ya məqsədlərini bildirəcəklər. Sistem isə həmin istəkləri arxa planda özü yerinə yetirəcək.
Məsələn, həkim qəbulundan sonra həkimin yazdığı qeydləri nəzərdən keçirmək, sığorta şirkəti ilə tibbi xidmətlərin əhatə dairəsini yoxlamaq və daha sonra MRT müayinəsi üçün qəbul vaxtı təyin etmək kimi bir neçə tətbiq və mərhələ tələb edən proseslər vahid tapşırıqla həyata keçirilə biləcək.
Şirkət bu istiqamətdə ilk konkret addımlarını yeni təqdim etdiyi modellərlə atmağa başlayıb. Təqdim olunan yeni avadanlıq və proqram təminatı imkanları istifadəçiyə telefonu əlinə almadan və ya ekranı daim yoxlamadan süni intellektlə qarşılıqlı əlaqə qurmağa şərait yaradır.
Səsli əmrlərdən daha səmərəli istifadə üçün hazırlanmış yeni vasitələr danışıq zamanı yaranan lazımsız fasilələri və kənar səsləri aradan qaldıraraq nitqi mətnə çevirir və ünsiyyət prosesini sürətləndirir.